Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Quliyev Firudin Dadaş oğlu 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində ali təhsil almışdır. Universiteti bitirdikdən sonra 1981-2014-cü illərdə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur. 1984-1986-cı illərdə AMEA-da aspiranturada təhsilini davam etdirərək elmi iş üzərində işləmişdir. 2001-ci ildə “Dixlorhidrat-dimin efirlərinin alınma texnologiyasının işlənib hazırlanması” mövzusunda elmi işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Firudin Quliyev 18 elmi əsərin, 3 müəllif şəhadətnaməsinin və iki patentin müəllifidir. O, həm də nəzəri biliklərini gündəlik işində bacarıqla tətbiq edən təcrübəli pedaqoqdur. 1997-ci ildən Bakı şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseydə pedaqoji fəaliyyət göstərir. O, işlədiyi müddətdə öz fənnini şagirdlərə sevdirməyi bacarmış, kimyəvi təcrübələrin, praktik işlərin aparılmasına daha çox üstünlük vermişdir. Firudin müəllim ali məktəblərə hazırlaşanlar üçün 3 hissədən ibarət olan “Kimyadan test bankı” kitabının müəllifidir.
Böyük rus alimi D.İ.Mendeleyev 1869-cu ildə kimyəvi elementlərin dövri qanununu kəşf etdi. Bu qanun bir tərəfdən o vaxta kimi məlum olan kimyəvi elementlər barəsində toplanmış zəngin, lakin pərakəndə məlumatları dahiyanə şəkildə ümumiləşdirməyə və onların dərin elmi təhlilini verməyə imkan yaratdı, digər tərəfdən isə yeni kimyəvi elementlərin axtarışı sahəsində alimlərin əlində güclü kompasa çevrildi.
Kimyəvi elementlərin mövcud dövri cədvəlində elementlər, bir qayda olaraq, atomun quruluşuna uyğun s-, p-, d-, f- elementlər olmaqla təsnif olunmuşdur. Burada hər bir elementin yerləşmə ardıcıllığı bütün mövcud qaydalara uyğun şəkildə həyata keçirilmişdir və qanunauyğunluq qorunub saxlanmışdır. Bu cədvəldə elementlər təsnif olunarkən metalar, qeyri-metallar və amfoter metallar olmaqla üç qismə bölünmüşdür.
Firudin Quliyev dahi alim D.İ.Mendeleyevin Elementlərin Dövri Sistemi cədvəlinin təkmilləşdirilməsi sahəsində yeniliyə imza atmış, onun yeni, təkmilləşdirilmiş variantını yaratmışdır. Cədvələ yeni baxış olaraq elementlər həm s-, p-, d-, f- elementlərinə, həm də metallar, qeyri-metallar və amfoter metallara bölünməklə təsnif olunmuşdur. Yəni hər bir kəs cədvələ müraciət edərkən həm s-, p-, d-, f- elementlərini və eyni zamanda metalları, qeyri-metalları və amfoter metalları tapmaqda heç bir çətinliklə üzləşməyəcək.
Təqdim olunan bu cədvəldə bundan əvvəlkilərdən bir qədər fərqli olaraq qeyri-metalların özləri qırmızı, amfoter metallar yaşıl və metallar qara rənglərlə təsvir edilmiş, onların yerləşdiyi xanalar isə elektron orbitlərin sayına görə yasəmən rəngli xanalarda s-elemetləri, sarı xanalarda p-elementləri, mavi rəngdə d-elementləri və rəngsiz şəffaf xanalarda isə f-elementləri göstərilmişdir.
Bu cür tərtibat kimyaçı olmayan insanlar da cədvəlin sağ yuxarı küncündə edilən qeydlərə əsasən hər hansı elementin metal, qeyri-metal və amfoter olması barədə aydın təsəvvürlərə malik olur. Kimyaçılar isə onların istifadəsi üçün daha rahat, asan olan maraqlı kimya vəsaiti əldə etmiş olurlar. Cədvəl, müasir dərs proqramına uyğun tərtib edilmişdir ki, bu da şagirdlərin bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının mənimsənilməsinə kömək edəcəkdir.
Mendeleyevin Elementlərin Dövri Sistemi cədvəlinə edilmiş dəyişikliyə respublikamızın bir çox universitetlərinin mütəxəssisləri, kimyaçı elm adamları öz münasibətlərini bildirmişlər. Mütəxəssislər qeyd ediblər ki, F.Quliyevin kimyəvi elementlərin dövri cədvəli təqdirəlayiqdir və şagirdlərin kimyadan müasir biliklərə yiyələnməsində və yeni təlim texnologiyalarının tətbiqində öz bəhrəsini verəcəkdir.
Mendeleyevin Elementlərin Dövri Sistemi cədvəlinə yuxarıda qeyd edilən dəyişiklik Rusiya Federasiyasında nəşr olunan kimya elminə aid jurnallarda da yer almışdır. Belə ki, “Evraziyskiy soyuz uçenıx” (ESU) (Ejemesyaçnıy nauçnıy jurnal № 9(54)/2018) jurnalının “Ximiçeskiye nauki” bölməsində “Modern view on periodi table” adlı məqalə dərc edilmişdir. Bu barədə məlumatların daha 2 elmi jurnalda dərc olunmasını qeyd etmək lazımdır. “Nauka seqodnya faktı, tendençii, proqnozı” jurnalıdır. Həmin jurnalın 27 iyun 2018-ci il tarixli nömrəsinin “Ximiçeskiye nauki” bölməsində və “Voprosı obrazovaniya i nauki” jurnalında F.Quliyevin “Modern view on periodik table” adlı məqalələri yer almışdır.
Firudin Quliyev mətbuata açıqlamasında bildirib ki, bu yenilik kimya dərslərində şagirdlərin kimyəvi elementlər bəhsini və atomun quruluşu bəhsini öyrənməkdə əyani vəsait olmaqla yanaşı, həmçinin kimya ilə maraqlanan geniş oxucu kütləsinin köməyinə çatacaq. F.Quliyev həyata keçirdiyi yeniliyin Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiq olunduğunu da bildirib. O qeyd edib ki, bu ideya onda şagirdlərin Mendeleyev cədvəlindən istifadədə çətinlik çəkməsindən sonra yaranıb: "Gördüm ki, şagirdlər çox çətinliklər çəkirlər. Mən də düşünüb belə bir yenilik etdim".
Bir sözlə, bu yenilik müasir kimya elminə Azərbaycan aliminin sanballı töhfəsidir.