Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Haşımzadə Firudin Məmmədəli oğlu
Haşımzadə Firudin Məmmədəli oğlu 7 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir.
O, 1962-ci ildə “Mürəkkəb yarımkeçiricilərdə elektronların spektrinin tədqiqi” mövzusunda namizədlik, 1972-ci ildə “Bəzi yarımkeçiricilərin elektron spektrləri və onların elektrik, optik və maqnit xassələri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1974-cü ildə professor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Elmi fəaliyyətə AMEA-nın Fizika İnstitutunun aspirantı kimi Leninqrad Fizika-Texnika İnstitutunda başlamışdır (1957-1963). 1963-cü ildən AMEA-nın Fizika İnstitutunda işləmişdir. Aspirant (1957-1960), kiçik elmi işçi (1961-1963), böyük elmi işçi (1963-1968), laboratoriya müdiri (1968-1993), direktor (1993-2001), “Aşağı ölçülü və nizamsız sistemlər fizikası” probleminin rəhbəri (2002-ci ildən) vəzifələrində çalışmışdır. “Fizika” elmi jurnalının yaradıcısı olmuşdur. Elmi fəaliyyəti ilə yanaşı, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
F.Haşımzadə bərk cismin nəzəriyyəsi sahəsində tanınmış alimdir. O, Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin ardıcıl nəzəriyyəsini yaratmış, onların volt-amper xarakteristikasının qeyri-xəttiliyinin yeni mexanizmini aşkar etmiş, həmin tip yarımkeçiricilərin anomal maqnit xassələrinə malik olmasını göstərmiş, psevdopotensial metodu ilə yarımkeçirici birləşmələrin zona quruluşunu ilkin prinsiplərdən hesablamışdır. O, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirmiş, parabolik potensiallı yarımkeçirici kvant çuxurunda elektrik keçiriciliyinin, termoelektrik, qalvanomaqnit və termomaqnit effektlərin nəzəriyyəsini qurmuş, mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir.
F.Haşımzadə 150-dən çox elmi əsərin və 1 monoqrafiyanın müəllifi olmuşdur. Rəhbərliyi ilə 11 elmlər doktoru və 22 fəlsəfə doktoru hazırlanmışdır. Yarımkeçiricilərin nəzəriyyəsi sahəsində elmi məktəb yaratmışdır.
O, 1986-cı ildə “Antiferromaqnitlərin optik spektroskopiyası”na dair işlər silsiləsinə görə elm və texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə“Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Firudin Haşımzadə 2018-ci ildə vəfat etmişdir.