Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əliyev Vahab Səfərəli oğlu
Əliyev Vahab Səfərəli oğlu 20 iyun 1908-ci ildə Bakının Saray kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universtiteti) nəzdində Fəhlə fakültəsini (1929) və İ.M.Qubkin adına Moskva Dövlət Neft İnstitutunu kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir (1934).
O, 1950-ci ildə “Bakı krekinq qurğusunun təkmilləşdirilməsi sxemi və avtomobil benzininin motor tərkibinin yaxşılaşdırılması” mövzusunda namizədlik, 1961-ci ildə “Neft kimyasında reaksiya qabiliyyətli karbohidrogenlərin alınması və tədqiq edilməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1962-ci ildə professor elmi adını almışdır. 1962-ci ildə AMEA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir.
V.Əliyev “Azneftkombinat”ın nəzdində “Azneftlayihə”nin layihəçi-mühəndisi (1934-1935), Neft kəmərləri kontoru idarəsində (1937) və BKZ-də texniki şöbələrin rəisi (1938-1940), AZQAZ trestinin İstehsalat-texniki şöbəsinin böyük mühəndisi (1941), həmin trestin 3№-li, sonra 4№-li zavodlarının və BKZ-nın baş mühəndisi olmuşdur (1942).
V.Əliyev Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunun direktoru (1951-1959), AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini (1959-1962), direktoru (1962-1987) və direktorun məsləhətçisi (1987-1993) vəzifələrində yüksək xidmətlər göstərmiş, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü olmuşdur (1981-1990).
V.Əliyevin respublika neft sənayesinin inkişafında əvəzedilməz xidmətləri olmuşdur. O, sənayedə tətbiq olunan bir çox orijinal proseslərin müəllifidir. Onun rəhbərliyi ilə Azərbaycan alimləri dünyada ilk dəfə olaraq katalizatorun qaynar lay texnikasının nəzəri əsaslarını işləyib hazırlamış, neft emalı sənayesi üçün böyük əhəmiyyət kəsb edən bir sıra texnoloji proseslər və təkmilləşmələri tətbiq etmişlər. Yalnız Azərbaycanda deyil, yaxın və uzaq xarici ölkələrdə də tətbiq edilən orijinal texnoloji proseslər katalizatorun qaynar layında katalitik krekinq, qaynar layda butanın butilenə dehidrogenləşməsi, neftin emala hazırlanması, karbamid məhlulunda yağ və yanacağın deparafinizasiyası prosesləri onun rəhbərliyi altında işlənib hazırlanmışdır.
Termooksidləşdirici piroliz proses aparat tərtibi, pirolizin maye məhsulları əsasında sintetik neft polimer qatranlarının sintezi, oksidləşdirici dehidrogenləşmə və dien karbohidrogenlərinin alınması üçün səmərəli dehidrogenləşmə prosesləri, neftsıxışdırıcı və izaləedici reagent kimi neftçıxarma sənayesində tətbiq olunan birləşmələrin sintezi, hidrodinamik proseslərin tədqiqi, metanın müxtəlif çevrilmələri üzrə sistematik tədqiqatlar, metalkompleks elmi istiqamətinin, karbonat preparatlarının sintezinin fosgensiz alınması və inseksid preparatlarının hazırlanması, bir sıra birləşmələrin, o cümlədən naftol, azoboyalar, antioksidantlar və digər s. gərəkli məhsulların sintezi sahələrinin əsaslı inkışaf etdirilməsi və daha da genişləndirilməsi görkəmli alimin bilavasitə rəhbərliyi ilə həyata keçirilmişdir.
V.Əliyevin elmi tədqiqatlarının nəticələri 755 elmi əsərdə, o cümlədən 5 monoqrafiya, 350 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. O, 7 elmlər doktoru, 30 fəlsəfə doktoru hazırlamışdır.
İkipilləli katalitik krekinq, alunitin emalı və etilen oksidinin alınması proseslərinə ABŞ-da, İtaliyada və Bolqarıstanda lisenziyalar verilmişdir.
V.Əliyev D.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin mərkəzi idarə heyətinin və Azərbaycan SSR “Bilik” cəmiyyətinin Rəyasət Heyətinin üzvü, SSRİ EA-nın və AEA-nın bir sıra elmi-texniki şuralarının, elmi-texniki cəmiyyətlərin plenum üzvü və sədri, elm və texnika üzrə SSRİ Dövlət Komitəsinin, Dövlət plan komitəsinin, SSRİ və Azərbaycan SSR-in bir neçə ictimai təşkilatlarının üzvü, beş çağırış Bakı Şəhər Sovetinin deputatı olmuşdur.
V.Əliyev neftayırma və neft-kimya sənayesinin inkişafında əvəzsiz xidmətlərinə görə “Lenin” ordeni, “Qafqazın müdafiəsinə görə” medalı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı, Azərbaycanın “Əməkdar elm və texnika xadimi”, “Fəxri neft kimyaçısı”, Ümumittifaq Elmi mühəndis-texniki və neftçilər təşkilatının Fəxri fərmanı, Neft və neft sənayesi sahəsində əsaslı təkliflərinə, səmərəli emal metodlarına görə SSRİ Dövlət Mükafatı, sənayedə yüksək effektli proses olan yanacağın parafinsizləşməsi işinin tətbiqi sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Dövlət Mükafatı, neftin katalitik krekinqdə yüksək effektli reaktorların tətbiqi və kiçik dispersli alümosilikat katalizatorunda işləyən prosesin sənayedə tətbiqi və tədqiqi sahəsində Azərbaycan SSR Dövlət Mükafatı, üç dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin Qızıl medalı, “Qırmızı əmək bayrağı”, üç dəfə “Şərəf nişanı”, “Rəşadətli əməyə görə” medalı, “Oktyabr İnqilabı”, “Qələbənin 40 illiyi” medalları ilə təltif olunmuşdur.
Akademik Vahab Əliyev 1993-cü ildə Bakı şəhərində vəfat etmişdir.