Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Həşimov Arif Məmməd oğlu
Həşimov Arif Məmməd oğlu 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsini bitirmişdir.
O, 1980-ci ildə “Elektrik sistemlərində bərpa olunan gərginliyin rəqəmsal kompüter simulyasiyası üsulu” mövzusunda namizədlik, 1993-cü ildə “Elektrik şəbəkələrində dalğa proseslərinin hesablanması zamanı səth effektinin və koronanın modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə AEA-nın Fizika İnstitutunda başlayaraq mühəndis, elmi işçi, laboratoriya müdiri, direktor (2002-2009) vəzifələrində işləmişdir. AMEA-nın birinci vitse-prezidenti olmuşdur (2007-2013). 2013-2021-ci illərdə “Azərenerji” ASC-nin prezidentinin müşaviri vəzifəsində işləmiş, 2014-2020-ci illərdə, eyni zamanda Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunun direktoru vəzifəsini icra etmişdir. 2022-ci ilin fevral-oktyabr aylarında AMEA-nın prezidenti vəzifəsini icra etmişdir.
Akademik A.Həşimov 2021-2024-cü illərdə AMEA-nın birinci vitse-prezidenti, akademik-katibi olmuşdur. O, eyni zamanda 2024-cü ildən AMEA-nın akademik-katibi, 2021-ci ildən Fizika İnstitutunun baş direktorudur.
A.Həşimov energetikanın fiziki-texniki problemləri sahəsində elmi-tədqiqat işləri aparır. O, elektroenergetika sahəsində dissipativ faktorları nəzərə almaqla paylanmış parametrli elektrik dövrələri nəzəriyyəsini elektroenergetik sistemin aktual məsələlərinin həllinə tətbiq etmiş, yüksək və ifrat yüksək gərginlikli elektrik veriliş xətlərinin və paylayıcı qurğuların dayanıqlığının təmin edilməsi probleminin həlli, ifrat gərginliklərdən effektiv mühafizə sisteminin işlənib hazırlanması üçün ferrorezonans və kommutasiya ifrat gərginliklərinin modelləşdirilməsi məsələlərinin həllində mühüm nəzəri və praktiki əhəmiyyətli silsilə nəticələr əldə etmişdir.
A.Həşimovun yerinə yetirdiyi elmi tədqiqatlara bərk cisim, maye və qaz halında olan dielektriklərin fizikası, elektrik qaz boşalmalarının tədqiqi, yüklü zərrəciklərin güclü elektrik sahələri ilə qarşılıqlı təsiri və elektrik veriliş xətlərində və elementlərində dalğa proseslərinin riyazi modelləşdirilməsi, müxtəlif ölçülü maqnit zərrəcikləri və nanogil əsaslı kompozitlərin sintezi və onların elektrik, maqnit xassələrinin tədqiqi, polimer kompozisiyalı materiallarda səth hadisələrinin və elektrofiziki xassələrinin tədqiqi, hibrid külək və günəş enerji sistemlərinin optimal strukturu, müxtəlif növ alternativ enerji mənbələrinin optimal istifadə olunmasının süni intellektin alqoritmi və üsulları, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirildiyi bir şəraitdə “yaşıl” hidrogen texnologiyasının inkişafı istiqamətində tədqiqatların aparılması və müvafiq tədbirlərin işlənməsi məsələləri daxildir.
A.Həşimovun rəhbərliyi və bilavasitə iştirakı ilə dielektrik materiallara güclü elektrik sahələrinin və qazboşalmalarının təsiri zamanı materialların səthində və həcmində müşahidə edilən fiziki-kimyəvi proseslərin mexanizmlərinin müəyyənləşdirilməsinə və bir sıra proseslərin nəzəri əsaslarının inkişafına zəmin yaradan fundamental tədqiqatlar aparılır, energetika sistemləri, neft, qaz və neft kimyası sənayesi üçün mühüm əhəmiyyət kəsb edən, iqtisadi və ekoloji tələbləri təmin edən, fiziki-kimyəvi proseslərə əsaslanan müasir texnoloji proseslərin işlənib hazırlanması həyata keçirilir.
Akademik Ç.M.Cuvarlının xatirəsinə həsr olunmuş müxtəlif xarici ölkələrdə mütəmadi olaraq keçirilən “Energetikanın texniki-fiziki problemləri” mövzusunda beynəlxalq konfransların təsisçisi və həmsədridir. İlk beynəlxalq konfrans 2002-ci ildə Bakı şəhərində keçirilmişdir.
A.Həşimov 390-dan çox elmi məqalənin, 10 kitabın, o cümlədən 6 monoqrafiyanın, onlarla patentləşdirilmiş ixtiraların müəllifidir. Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 25 fəlsəfə doktoru hazırlanmışdır.
O, Scopus bazasına daxil olan “Energetikanın problemləri” jurnalının baş redaktoru, “Fizika” və digər ölkə xaricində nəşr olunan bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.
A.Həşimov Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1978), “Əməkdar elm xadimi”dir (2005). “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur (2024).
2022-ci ilin 21 sentyabrında Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının həqiqi üzvü seçilmişdir.
A.Həşimov 2021-ci ildən Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsi vəzifəsini icra edir.