GÖRKƏMLİ ALİMLƏR

“Azərbaycanın seysmik ulduzu”

“Azərbaycanın seysmik ulduzu”

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Şamo Süleyman oğlu Rəhimov 2 aprel 1931-ci ildə Bakıda Xalq yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olmuşdur. Orta məktəbdə oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. 

Şamo atasını eşitsə də, şeirdən uzaq qalmamışdır. Hələ məktəb vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdır. Bəzən də şeirlərini Kəskin təxəllüsü ilə qələmə almışdır. Vəfatından bir neçə il sonra "Ayrılıq” adlı kitabı çap edilmişdir. Onun erkən yaşlarında yazdığı şeirlərdə zamanın, quruluşun gerçək sifəti də görünür. 14 yaşında olarkən yazırdı:

Xalqın mərd oğulları zindanlarda çürüyür,

Ölüm vəhşi qurd kimi insanlığa yüyürür.

Şamo Rəhimov 1948-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada M.V.Lomonosov adına Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Qulu Xəlilov onun haqda yazırdı: “Hələ ali məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu, böyük bir döyüşə atılırsan”.

Hələ gənc yaşlarından dünya şöhrətli seysmoloq kimi tanınmışdır. Onun zəlzələ ocağında gedən proseslər, zəlzələlərin oxunuşu, lava dalğaları, seysmik rayonlaşdırma xəritələrinin qurulması və tərtibi sahəsində böyük xidmətləri var.

Şamo Rəhimov seysmologiyaya yeni anlayış – “qlobal dalğalar anlayışı” gətirmişdir. 1958-ci ildə səthi dalğalar nəzəriyyəsi problemlərinə həsr olunmuş “Üç yaxın stansiyalarda müşahidə edilən Reley dalğalarının yayılma sürətinin dispersiyasının eksperimental öyrənilməsi” mövzusunda yazdığı elmi əsərində səthi dalğalar sürətlərinin fazasının təyin edilməsində əvvəlki üsulların effektsiz olduğunu sübut etmişdir. O, Reley və Lyava səthi dalğaları üzrə zəlzələnin episentrinə istiqamətlərin təyini üsulunu işləyib hazırlayıb. 1962-ci ildə Reley qrupu dalğalarının yeni seriyasını aşkar edərək onların xüsusiyyətlərini səciyyələndirib.  Bu qlobal dalğalar bu gün də bütün dünyanın seysmik stansiyalarında qeyd edilir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur.

Şamo Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Bu üsul 1961-1963-cü illərdə Azərbaycanda baş vermiş on güclü dağıdıcı zəlzələnin məlumatlarının öyrənilməsi əsasında həyata keçirilib sübut olunmuşdur. Yeni metod zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını öyrənmək əsasında Yer qabığındakı yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir.

Eyni gücə malik yeni-yeni zəlzələlərin tədqiqatlarını davam etdirərək, bu üsulun, həmçinin tektonik qırılmaların aşkar olunmasına və onların yer qabığında aşkar edilməsinə imkan yaratdı. Doktor Şamo Rəhimovun bir sıra işləri planetin quruluşunun fundamental probleminin həllinə yönəldilmişdir. Bunlar seysmologiyada "qlobal və lokal" dalğaların olması haqqında yeni təsəvvürlərin meydana çıxmasını mümkün etdi.

Alim az vaxtda müasir seysmologiyanın inkişafı üçün çox iş görmüşdür. Şamo Rəhimovun əsərləri orijinallığı, elmi fikrin dərinliyi, baxışların təzəliyi, problemlərin müfəssəl və dəqiq işıqlandırılması ilə seçilirdi. Tədqiqatlarının nəticələri birmənalı olaraq beynəlxalq miqyasda qəbul edilmişdir. Şamo Rəhimov qeyri-adi və geniş intellektə malik insan idi. O, SSRİ Elmlər Akademiyası Seysmologiya Şurasının seysmik müşahidələr vahid şəbəkəsi komissiyasının, Qafqazın dərinliyinin seysmikasını öyrənən komissiyanın, SSRİ Elmlər Akademiyası Geologiya Şurasının, SSRİ Elmlər Akademiyası Regional Şurasının Qafqaz bölməsinin inkişafı və öyrənilməsi komissiyasının üzvü idi.

Vəfatından əvvəl 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovun fəaliyyəti beynəlxalq aləmin də diqqətini cəlb etmiş və onu seysmologiya sahəsində ən məşhur alimlərdən biri kimi qəbul etmişdilər.

Görkəmli seysmoloq, professor, ABŞ prezidentinin elm üzrə məsləhətçisi Frank Press Şamo Rəhimovu Amerikaya dəvət etmiş, lakin Sovet hakimiyyəti ona xaricə getməyi icazə verməmişdir. Buna baxmayaraq, ABŞ-nin Seysmologiya Cəmiyyəti Azərbaycan Elmlər Akademiyasına, Şamo Rəhimova öz aylıq bülletenini göndərirdi. Hətta ölümündən sonra azı 11 il də bülletenlərin Şamo Rəhimovun ünvanına göndərilməsi davam etmişdir.

Şamo Rəhimov Frank Press və müəllimi M.Yuinqin səhvlərini, Yer quruluşunun öyrənilməsindəki metodların əsaslarının etibarsızlığını sübut etmişdir. Doktor Şamo Rəhimov bu barədə öz üsulunu təklif etmiş və yeni əsaslı düstur çıxarmışdı. Bir qədər sonra isə Amerika alimlərindən professor İ.Dorman, M.Evinq və eləcə də Frank Press, M.Yuinq də Şamo Rəhimovun bu yeni kəşflərini təsdiq etmişdirlər.

Azərbaycan seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında Şamo Rəhimovu “Azərbaycanın seysmik ulduzu” adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə olunur. 

1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən Şamo Rəhimovun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşı Arif Rəhimov onun adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif (yazıçı) olub. Atası Süleyman Rəhimov isə ömrünün sonuna kimi “Şamo” epopeyasının üzərində işləyib.

Qəbirüstü abidəsi görkəmli heykəltəraş akademik Ömər Eldarov tərəfindən ustalıqla yaradılıb.

2002-ci ildə ABŞ-də çap olunmuş "Seysmologiya və mühəndisi seysmologiya" məlumat kitabında seysmoloqların XX əsrdə əldə etdikləri əsas nəticələrinə həsr olunmuş fəsildə, azərbaycanlı alim İkram Kərimovun təqdim etdiyi bioqrafik arayış dərc edilmişdir ki, orada da Şamo Rəhimovun nailiyyətləri öz əksini tapmışdır.