Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Hacıbəy Sultanov 1921-ci il sentyabr ayının 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra o, İkinci Dünya müharibəsində iştirak etmək üçün cəbhəyə yollanmışdır. Berlinin alınmasına qədər şanlı döyüş yolu keçən Hacıbəy Sultanov “Vətən müharibəsi” ordeni və “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə Almaniya üzərində qələbəyə görə”, “Praqanın azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.
1946-cı ildə ordudan tərxis edilən Hacıbəy Sultanov Azərbaycan Dövlət Universitetinin Astronomiya kabinetində işə qəbul olunaraq elmi tədqiqatlara başlamışdır. O, 1947-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının aspirantı kimi Mixail Lomonosov adına Moskva Dövlət Universitetinə ezam edilmişdir. Aspiranturanı bitirdikdən sonra Akademiyanın Fizika və Riyaziyyat İnstitutunda işləməyə başlayan Hacıbəy Sultanov 1953-cü ildən burada yaradılmış Astrofizika sektoruna rəhbərlik etmişdir. 1959-cu ildə həmin sektorun əsasında Şamaxı Astrofizika Rəsədxanası təşkil edilmiş və Hacıbəy Sultanov 1981-ci ilədək onun direktoru olmuşdur. O, 1981-ci ildən ömrünün sonunadək Şamaxı Astrofizika Rəsədxanasında şöbə müdiri vəzifəsində işləmişdir. 1976-1981-ci illərdə Hacıbəy Sultanov Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur.
Hacıbəy Sultanov 1951-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almış, 1967-ci ildə isə Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Astronomiya İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Hacıbəy Sultanov Beynəlxalq Astronomiya İttifaqının, Avropa Astronomiya Cəmiyyətinin, SSRİ Elmlər Akademiyası nəzdində Ümumittifaq Astronomiya və Geodeziya Cəmiyyəti Mərkəzi Şurasının üzvü və onun Azərbaycan bölməsinin sədri olmuşdur.
Müasir dövrdə Azərbaycanda astronomiya sahəsində tədqiqatların yenidən qurulması Hacıbəy Sultanovun adı ilə bağlıdır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanasının işi formalaşdırılmış, o dövr üçün müasir olan teleskopların alınıb quraşdırılması və astronomiya sahəsində yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilmişdir. Onun elmi fəaliyyətinin əsas sahələri səma mexanikası və Günəş sisteminin kosmoqoniyası ilə bağlı idi. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Asteroidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslandırmışdır.
Hacıbəy Sultanovun elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Hacıbəy Fərəculla oğlu Sultanov 2008-ci il martın 5-də ömrünün 87-ci ilində vəfat etmişdir.