Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Məşhur doktor Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış ziyalılarından olub.
O, “Məşrutə” inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçün “Heyət” adı ilə tanınıb.
Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin yaradıcılarından biri kimi “Məşrutə” inqilabında fəal rol oynayıb.
Cavad Heyət orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb, daha sonra tibb təhsilinə başlayıb, ancaq üçüncü sinifdən sonra təhsilini davam etdirmək üçün İstanbula yollanıb. 1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris Universitetində davam etdirib.
Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb. 40 ildən artıq Tehran Universitetində çalışıb. İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirib.
Bu və digər uğurlarına görə Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü seçilib. O, 12 il ərzində “Daneşe pezeşki” (Tibb Elmi) adlı jurnal dərc etdirib və yüzlərcə elmi məqalənin, cərrahiyyəyə aid üç kitabın müəllifi olub. “Varlıq” dərgisini nəşr etdirən Cavad Heyət türkologiyaya aid yeddi cildlik kitab yazıb.
Cavad Heyət dostu prof. Dr. H.Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyub.
Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur.
Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır.
İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabın müəllifidir. Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.
Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.
Cavad Heyət atası Mirzə Əli Heyət və qardaşı Firuz Heyət ilə birlikdə 1956-cı ildə İran-Türkiyə Dostluq və Kütür Cəmiyyətini qurub, İranla Türkiyə arasında dostluq və mədəni əlaqələrini inkişaf etdirməyə çalışıb.
1993-cü ildə Türkiyənin Tehrandakı səfiri Qorxmaz Haktanır ilə birlikdə Tehranda Türk Kültür Mərkəzini açıb və iranlı tələbələrin Türkiyədə təhsil almalarına yardım göstərib.Cavad Heyət, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyə Prezidenti Süleyman Dəmirələ məktub yazıb və yardım istəyib.
Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olub (həm tibb, həm də türkologiya sahəsi üzrə). O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilib.
Məhəmmədhüseyn Şəhriyar və Cavad Heyət yaxın dost olublar. Şəhriyarla ilk gənclik illərindən, hələ 1941-ci ildə Tehranda birlikdə ali tibb təhsili aldığı vaxtlardan dost olan və bu simsarlığı şair dünyadan köçənədək kəsməyən Cavad Heyət ona yalnız bənzərsiz söz ustası kimi baxmırdı. Şəhriyar Cavad Heyətdən ötrü həm də Doktorun ömrünün mənası olan azərbaycançılıq axınının, türkçülük cərəyanının gurlaşmasına qida verəcək güclü nəhrlərdən idi.
Cavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişib və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.