Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
İbrahimov İbrahim İbiş oğlu
İbrahimov İbrahim İbiş oğlu 28 fevral 1912-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur.
O, 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmiş, 1939-cu ildə “Bəzi analitik funksiyalar sistemlərinin tamlığı” mövzusunda namizədlik müdafiə etmişdir. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq riyaziyyat sahəsində elmlər namizədi adını almış azərbaycanlı alim olmuşdur. 1947-ci ildə “Funksiyaların interpolyasiya və approksimasiya nəzəriyyəsinin bəzi problemləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1959-cu ildə AMEA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir.
Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) dosent (1939-1947), 1946-cı ildən ömrünün sonunadək Funksiyalar nəzəriyyəsi üzrə ümumşəhər elmi seminarın rəhbəri, AMEA-nın Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri (1958-1959), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru (1959-1963), 1963-cü ildən Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri, Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri (1977-1994) olmuşdur.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra həm bu institutda, həm də Bakı Dövlət Universitetində çalışmağa başlamışdır. Sonra Moskvaya aspiranturaya göndərilir və orada riyaziyyatçı A.O.Gelfondun rəhbərliyi altında aspirant olur.
İbrahim İbrahimov Sovetlər Birliyi və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alim idi. İ.İbrahimov Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbini yaratmışdır. Analitik funksiyanın ardıcıl törəmələri sisteminin və analitik funksiya vasitəsilə düzəldilən bəzi funksiyalar sistemlərinin tamlığını tədqiq etmiş və mühüm elmi nəticələr almışdır. Bu nəticələr sırasında onun akademik M.V.Keldışla birlikdə “Nyuton interpolyasiya sırasının bütün tam funksiyalar sinfində yığılması üçün dəqiq əlamət”ini tapması, akademik A.O.Gelfondla birgə interpolyasiya nəzəriyyəsinin üsulları vasitəsilə “İki nöqtə haqqında problem” adlanan məsələni həll etməsi funksiyalar nəzəriyyəsinin böyük elmi nailiyyəti və bir sıra elmi tədqiqatların çıxış nöqtəsi olmuşdur. Kompleks dəyişənli funksiyaların sonsuz oblastlarda tam funksiyalar vasitəsilə yaxınlaşdırılması məsələlərinə həsr olunmuş əsərlərində onun tədqiq etdiyi əsas sahələr öz əksini tapmış, həm özünün, həm də tələbələrinin əldə etdiyi nəticələrlə kompleks və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi sahəsində mühüm əhəmiyyətli silsilə tədqiqatların təməlini qoymuşdur.
İ.İbrahimovun Azərbaycanda ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri vardır.
İ.İbrahimov 200-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifidir. 60-dan çox fəlsəfə doktoru və 10 elmlər doktoru hazırlamışdır. 1986-cı ildə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuş, 1988-ci ildə Azərbaycan SSR “Əməkdar elm xadimi” fəxri adını almışdır.
Akademik İbrahim İbrahimov 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.