Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Azad Ağalar oğlu Bayramov 1953-cü ilin iyul ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Atası, Bayramov Ağalar İsmayıl oğlu (1914-1997), hərbi həkim-cərrah idi. Zəngəzur mahalının qərb hissəsində 20-ci əsrə qədər yaşayan qədim Sarallı tayfasının numayindəsi idir. 1939-1961 illərdə 3000-ə yaxın cərrahi əməliyyat həyata keçirmişdir. Anası isə Bayramova Əminə Səməd qızı (1924-2003), kimyaçı alim (elmlər namizədi) idi.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə qəbul olmuş və 1975-ci ildə həmin universiteti “Fizika” ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant vəzifəsində işə başlamış və 2014-cü ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. Bundan başqa, 1976-1984 illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna ş., Moskva vilayəti, Rusiya), 1989-1992-ci illərdə Beynəlxalq Nəzəri Fizika (Triyest ş., İtaliya) və Milli Nüvə Tədqiqatları (Piza ş., İtaliya) institutlarında çalışmışdır. 1997-2005 illərdə Milli Aviasiya Akademiyasında professor vəzifəsində fəaliyyət göstərmişdir.
2011-ci ilin aprel ayından 2014-cü ilin sentyabr ayına qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin “Riyaziyyat və Fizika” kafedrasında professor vəzifəsində işləmişdir. 2014-cü ilin sentyabr ayından 2021-ci ilə qədər AR Silahlı Qüvvələrin Hərbi Akademiyasında Adyunktuntura və Elmi İşlər Şöbəsində professor vəzifəsində çalışmışdır. 2018-2019 illərdə AR Silahlı Qüvvələrin tarixində ilk dəfə yaradılmış Xüsusiləşdirilmiş Dissertasiya şürasının sədri olmuşdur. 2021-ci ildən 2024-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2024-cü ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi vəzifəsində çalışır.
Azad Bayramov 1983-ci ildə nüvə fizikası sahəsində BNTİ-də namizədlik və 2000-ci ildə BDU-da doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2015-ci ildə professor adını almışdır. 1982-ci ildə o, Azərbaycan Dövlət Komsomol Mükafatı ilə, 1994-ci ildə isə Beynəlxalq Soros Mükafatı ilə təltif olunmuşdur.
O, 622 elmi əsərlərin, o cümlədən, 37 monoqrafiya və tədris kitablarının, 20 patent, 2 Beynəlxalq Avro-Asiya və 2 Birləşmiş Amerika Ştatlarının patentlərinin müəllifidir. Monoqrafiyalardan doqquzu (9) ABŞ-da və biri Avstriyada çap olunub. 2008-ci ildə Risk Analizi Beynəlxalq Cəmiyyətinə üzv seçilmiş, Boston şəhərində keçirilən konfransa dəvət almış və məruzə ilə çıxış etmişdir.
1983-ci ildə Leyptsiq Universitetində, 2002-ci ildə Bakıda, 2005-ci ildə Parisdə və Brüsseldə, 2006-cı ildə Romada, 2006-ci ildə İstanbulda, 2007-ci və 2008-ci illərdə Portuqaliyada, 2009-ci ildə Antaliyada keçirilən NATO-nun ekologiya təhlükəsizliyinə və alternativ və bərpa olunan enerji mənbələrinə aid sessiyalarında iştirak etmişdir. 2008-ci ildə Almaniyanın Karlsrue şəhərində və 2009-cu ildə Tiflis şəhərində MAGATE tərəfindən təşkil olunmuş Nüvə Forensik Ekologiyası mövzusunda keçirilən müşavirələrdə məruzə ilə çıxış etmişdir. 2011-ci ildə Tiflis, 2012-ci ildə Moskva və 2013-cü ildə isə Kiyev şəhərləridnə keçirilən Avropa Birliyinin 7-ci Elmi Çərçivə Programı üzrə “PİCTURE” elmi layihəsinin müzakirələrində ekspert kimi dəvət olunmuş və məruzələr ilə çıxış etmişdir.
Onun 25 ilə yaxın pedaqoji stajı vardır. 2008-ci ildən 10 Beynəlxalq Elmi Qrant üzrə aparılan işlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyin Elmi Şurasının üzvü olmuşdur. 2009-cu ildə Amerikanın Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) və Rusiyanın Elmlər Akademiyasının Nanotexnologiya Cəmiyyətinin üzvü seçilmişdir. 1995-2015 illərdə Tələbə Qəbul Dövlət Komissiyasının üzvü olmuş, Fəxri fərman ilə təltif edilmişdir.
2009-cu ildə o, nail olduğu yüksək elmi nəticələrinə görə, İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik Mərkəzin medalı ilə təltif olunmuş və onun adı mərkəzin ensiklopediyasına daxil edilmişdir. 2010-ci ildə onun adı Azərbaycan Milli Ensiklopediyasına daxil olunmuşdur.
A.A.Bayramov 8 elmlər namizədi (onlardan 6 polkovnik və 1 general-leytenant) və 3 elmlər doktorun (onlardan 2 polkovnik) rəhbəri olmuşdur.
O, 2002-2005-ci illərdə Milli Aviasiya Akademiyasının, 2012-2014-cü illərdə AMEA-nın Radiasiya Problemləri İnstitutun və 2015-2020-ci illərdə SQ Hərbi Akademiyanın İxtisaslaşdırılmış Müdafiə Şuralarının üzvü olmuşdur.
2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qiymətli hədiyyə ilə, sonrakı illər dəfələr ilə Fəxri fərmanlar ilə təltif olunmuşdur.
Fizika, texnika və informasiya texnologiyaları sahəsində əsas elmi nailiyyətləri:
1) 1966 və 1989 МeV/с2 kütlələrə malik, yeni elementar zərrəciklərin, diproton rezonansların, aşkar edilməsi, “Elementar particles DATA”, CERN Beynəlxalq Kataloqa daxil olunub;
2) Kaskad-buxarma modelinin təkmilləşdirilməsi ilə yüksək enerjiyə malik adron-nüvə reaksiyaların modelləşdirilməsi;
3) 1988-ci ildə SSRin Dövlət Proqrammına uyğun olaraq və bir başa maliyyələşdirilməsi nəticəsində silisium əsasında mikrostrip detektorlar işlənilib yaradılması;
4) 1993-1994-ci illərdə keçmiş SSRİ və Türkiyə məkanında ilk dəfə olaraq 2 m ölçüdə olan qanadlı pilotsuz uçuş aparatın işlənilməsi və yaradılması;
5) 1994-1996-cı illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində gamma-spektrometrin işlənilməsi və hazırlanması;
6) 2000-ci ildə ilk dəfə olaraq mobil telefon vasitəsilə ətraf mühitin ekoloji parametrlərin əks etdirən elektrik siqnalları ötürülməsi və qəbul üsulu və qurğu işlənilməsi (patent alınıb), bu vaxta qədər çoxlu sahələrdə bu üsuldan istifadə edilir;
7) 2000-ci ildə cib tipli dozimetrin işlənilməsi və hazırlanması, tam konstruktor sənədləri işlənilməsi, patent alınıb;
8) 2000-2005-ci illər, aviasiya sahəsində bir neçə modellər və üsullar işlənilib (uçuş zamanı hava qəmisini idarə edən heyətin funksional qərginliyinin səviyyəsinin nəzarətin modelləşdirilməsi, hava hərəkətini idarə edən heyətin funksional vəziyyətinə avtomatlaşdırılmış nəzarət üsulu və modelləşdirilməsi, hava qəmilərin kompleks enmə sisteminin işlənməsi və modelləşdirilməsi), qurğular düzəldilib, 4 patent alınıb;
9) 2003-cü il, hava gəmilərinin idarəetməsində yaranan fövqəladə halların modelləşdirməsi və proqnozlaşdırılması;
10) 2011-ci il, nanokompozit materialların eksperimental, nəzəri araşdırmaların və xassələrinin modelləşdirilməsinə həsr olunmuş bir monoqrafiya INTECH Open Access Publisher (Avstriya) və bir monoqrafiya 2020 ildə NOVA (ABŞ) nəşriyyatlarında çap olunub;
- “Şəxsi heyyət üçün sığınacaq” adlı patent alınıb, SQ-də tətbiq edilib, hal-hazırda istehsal olunur və geniş istifadə edilir;
- ilk dəfə olaraq Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında ehtimal olunan qəza nəticəsində Azərbaycan Respublikası ərazisində baş verə biləcək radiasiyanın çirklənməsinin riyazi modelinin və proqram təminatının yaradılması;
- ilk dəfə olaraq döyüş əməliyyatlarında görünməyən hədəflərin aşkar edilməsi metodlarının işlənməsi və modelləşdirilməsi;
- Pilotsuz uçuş aparatlarının taktiki döyüş əməliyyatlarında uçuşlarının modelləşdirilməsi;
- Coğrafi İnformasiya Sistemləri texnologiyası əsasında dağlıq şəraitdə taktiki döyüş əməliyyatlarının modelləşdirilməsi;
- Taktiki qrupların fəaliyyətlərinin modelin və proqram təminatının yaradılması;
- Аtıcı silahların döyüş xüsusiyyətlərinin modelləşdirilməsi;
- Hərbi kəşfiyyat məlumatlarının emalı proseslərinin modelləşdirilməsi və proqram təminatının yaradıması;
- Dayanıqlı idarəetmənin təmin edilməsi məqsədilə hərbi səhra rabitə qovşağının ərazidə yerdəyişməsinin modelləşdirilməsi.
12) 2021-ci il, PUA-lara aid bir sıra elmi nəzəri araşdırmaların aparılması, PUA-ların modelləşdirilməsinə aid 3 monoqrafiyə ABŞ-da IGI-Global Publ. nəşriyatında çap olunması və PUA-lara həsr olunmuş 3 cildli dünya antologiya ensiklopediyasına daxil edilməsi.
Alim 2024-cü ildən başlayaraq bir neçə yeni avtomatlaşdırılmış komplekslərin (PUA-ların, radon emissiyasının nəzarət edən quruğunun) idarə edilməsində süni intellektin və qeyri səlist (Fuzzy) prinsiplərin tətbiq edilməsi ilə məşğuldur.