Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Bilalov Bilal Telman oğlu 2 yanvar 1963-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
O, 1989-cu ildə “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda namizədlik, 1996-cı ildə “Bəzi diferensial operatorların məxsusi funksiyalar sistemlərinin bazislik xassələri və onların ümumiləşməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2009-cu ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
1996-cı ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi işləmiş, 2002-ci ildən indiyə kimi Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiridir. 2022-ci ildən Türkiyənin Yıldız Texniki Universitetinin professorudur.
Bilal Bilalovun əsas elmi fəaliyyət sahəsi, ümumiyyətlə, approksimasiya nəzəriyyəsinin bazis istiqamətidir. Onun tərəfindən diferensial operatorların spektral nəzəriyyəsindən məlum-məşhur A.Q.Kostyuçenko məsələsinin tam həlli, yaxın bazislər üzrə Banax fəzaları üçün klassik Peli-Viner və N.K.Bari teoremlərinin ümumiləşmələri verilmiş, məşhur “1/4 -Kadets” teoreminin sinus və kosinus analoqları alınmış, t -fəzaları anlayışı daxil edilmiş və bu fəzalar üçün Şauder bazisi anlayışının təbii ümumiləşməsi verilmişdir. Alt fəzalardan ibarət yaxın bazislər üçün müxtəlif yaxınlıq əlamətləri göstərilmişdir.
Onun tərəfindən “statistik yığılma” anlayışının kəsilməz analoqu verilmiş və uyğun nəticələr bu hala ümumiləşdirilmişdir; müxtəlif Banax Funksiyalar fəzalarında həyəcanlanmış triqonometrik sistemlərin bazisliyinin öyrənilməsi üçün Riman sərhəd məsələsi metodu işlənilmişdir. Həyəcanlanmış bazislər istiqamətində əhəmiyyətli nəticələr alınmış və onlar konkret sistemlərə tətbiq edilmişdir. İxtiyari cırlaşmayan sistemə nəzərən əmsallar fəzası anlayışı daxil edilmiş və bu dildə bazislik üçün yeni meyar verilmişdir. Cırlaşmış əmsala malik eksponent, kosinus və sinus sistemlərinin Lebeq fəzalarında freymlilik xassələri, ümumiləşmiş Faber çoxhədlilərindən ibarət ikiqat sistemin bazisliyi, Hilbert və Banax freymlərinin nöter həyəcanlanmaları öyrənilmişdir. Güclü həllə nəzərən ikinci tərtib elliptik tənlik üçün Dirixle məsələsinin separabel qoyuluşu təklif olunmuş və grand Sobolev fəzalarında onun fredholmluğu isbat olunmuşdur. Sobolev-Banax fəzalarından olan funksiyalar üçün n-ölçülü oblastda (n-1)- ölçülü çoxobrazlıya nəzərən iz anlayışının, iz fəzasının və iz operatorunun təyini üçün bir yanaşma təklif olunmuş və məlum klassik nəticələr bu hala ümumiləşdirilmişdir.
B.Bilalov 160-dan çox elmi məqalənin, 3 monoqrafiyanın müəllifi, o cümlədən 1 monoqrafiya və 2 metodik göstərişin həmmüəllifidir. Rəhbərliyi ilə 5 elmlər doktoru, 21 fəlsəfə doktoru hazırlanmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə Ekspert şurasının sədri (2015-2017), AMEA Rəyasət Heyətinin üzvü (2018-2020), Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem şurasının üzvü, “Azerbaijan Journal of Mathematics” jurnalının baş redaktoru, AR ETN Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki doktorluq Dissertasiya şurasının üzvü, AR ETN Riyaziyyat və Mexanika İnstitutunun “Analiz və funksional analiz” ixtisası üzrə Elmi seminarın sədri, AR ETN-nin dərsliklərin qiymətləndirilməsi üzrə ekspertdir. O, Azerbaijan Journal of Mathematics, Transactions of NAS of Azerbaijan, Proceedings of Institute of Mathematics and Mechanics of NAS of Azerbaijan, Sahand Communications in Mathematical Analysis və s. kimi beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.