Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Quliyev Nəriman Ağaqulu oğlu
Quliyev Nəriman Ağaqulu oğlu 28 dekabr 1926-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini bitirmişdir.
O, 1957-ci ildə “Nuklon polyarizasiyası və hissəciklərin səpilməsi” mövzusunda namizədlik, 1975-ci ildə “Leptonlar və yarımleptonlarda zəif qarşılıqlı təsirlərin modelləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir.
AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın vitse-prezidenti vəzifəsində çalışmışdır. 1992-2003-cü illərdə Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökümətinin səlahiyyətli nümayəndəsi olmuşdur.
N.Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlı olmuşdur.
Alimin elmi fəaliyyəti elementar zərrəciklərin fundamental qarşılıqlı təsirlərinin nəzəri əsaslarının öyrənilməsinə, zəif qarşılıqlı təsirin bir zərrəcikli mübadilə modellərinin, simmetriyanın spontan pozulmasına əsaslanan kalibrləmə modellərinin qurulmasına, Standart Model və onun müxtəlif genişləndirilmiş variantları çərçivəsində elektrozəif proseslərin bir sıra xarakteristikalarının hesablanmasına və onların təcrübələrdə müşahidə edilmə imkanlarının araşdırılmasına həsr olunmuşdur. Onun rəhbərliyi ilə 40 ilə yaxın müddət ərzində Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə AMEA arasında birgə elmi-tədqiqat işləri aparılmışdır.
N.Quliyev Azərbaycan Respublikası Avropa Nüvə Tədqiqatlar Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın təşkilatçılarından olmuş və bu tədqiqatların inkişafına mühüm töhfələr vermişdir. Onun təşəbbüsü ilə 1993-cü ildə AMEA-nın Fizika İnstitutu ATLAS layihəsinin icraçıları şurasına daxil edilmişdir.
N.Quliyev 100-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 10-dan artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.
N.Quliyev 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni, “Şöhrət” ordeni, “İstiqlal” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Nəriman Quliyev 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.