Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Xəlilov Zahid İsmayıl oğlu
Xəlilov Zahid İsmayıl oğlu 1911-ci il fevralın 14-də Tiflis şəhərində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
O, 1940-cı ildə Tbilisidə “Kleb məsələsi və onun ümumiləşməsi” mövzusunda namizədlik, 1946-cı ildə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, professor elmi adını almış, 1955-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.
1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda elmi fəaliyyətə başlamış, riyaziyyat və nəzəri fizika seksiyasını, daha sonra riyaziyyat bölməsini yaratmışdır. Azərbaycan SSR EA-nın vitse-prezidenti (1957-1959), Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1959-1962), Azərbaycan SSR EA-nın prezidenti (1962-1967), Riyaziyyat və Mexanika İnstitutunun direktoru (1967-1974) olmuşdur.
Z.Xəlilov Azərbaycanda funksional analiz məktəbinin yaradıcısıdır. Kompleks dəyişənli funksiyalar və sinqulyar inteqral tənliklər vasitəsilə poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsini həll etmiş və alınmış nəticələri söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq etmişdir. Normallaşdırılmış halqalarda və Banax fəzasında klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirən tamam kəsilməz operatorlu xətti tənliklər nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir. İlk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq etmişdir. Qaz və neftin filtrasiyası nəzəriyyəsinin ümumi məsələsini həll etmiş, aldığı nəticələr respublikada bu sahədə bir sıra tətbiqi məsələlərin həll edilməsinə zəmin yaratmışdır. İlk dəfə normallaşdırılmış halqalarda abstrakt sinqulyar operatorlar nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir.
Funksional analizin üsullarını differensial və inteqral tənliklər nəzəriyyəsinin sərhəd məsələlərinin və optimal idarəetmə məsələlərinin həllinə müvəffəqiyyətlə tətbiq etmiş, xətti yarımharmonik tənliklər sistemində ümumi sərhəd məsələlərini tədqiq edərək, requlyar həqiqi həllər üçün ümumi kompleks göstəriş almışdır. Banax fəzasında qeyri-məhdud operatorlu kvazixətti tənliklərin həllinin dayanıqlılığı məsələsini həll etmişdir. Dəyişənlərinə ayrılmayan hiperbolik və parabolik tənliklərdə qarışıq məsələnin həlli üçün axtarılan həllin operatorun baş hissəsinin məxsusi funksiyalarına görə ayrılışından istifadə edərək yeni üsul təklif etmişdir.
SSRİ-də funksional analiz üzrə ilk monoqrafiyanın – “Funksional analizin əsasları” (1949, rus dilində) – müəllifi olmuşdur. 100-dən çox elmi işin və 4 monoqrafiyanın müəllifidir. 30-dan çox fəlsəfə doktoru və elmlər doktoru hazırlamışdır.
Sovet Riyaziyyat və Mexanika Komitəsinin üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.
1960-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1964-cü ildə “Qırmızı əmək bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.
Akademik Zahid Xəlilov 1974-cü ildə Bakı şəhərində vəfat etmişdir.