Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Sumbatzadə Əlisöhbət Sumbat oğlu
Sumbatzadə Əlisöhbət Sumbat oğlu 21 yanvar 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ə.Sumbatzadə 1930-cu ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsini bitirmişdir.
Ə.Sumbatzadə 1930-cu ildə “XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının müstəmləkə əsarətinə qarşı ən böyük xalq çıxışı olan 1837-ci il Quba üsyanı” mövzusunda namizədlik, 1948-ci ildə “XIX əsrdə Azərbaycan iqtisadi tarixinin yaradılması təcrübəsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1954-cü ildə professor elmi adını almış, 1955-ci ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Ə.Sumbatzadə 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə AEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi olmuşdur. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır.
Onun əsas tədqiqat obyekti Azərbaycanın XIX əsr sosial-iqtisadi tarixi, Azərbaycan xalqının etnogenezi məsələləri olmuşdur.
Ə.Sumbatzadənin Azərbaycan şərqşünaslıq və tarix elminin inkişafı ilə bərabər, ölkədə iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli şəraitin yaradılmasında, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında mühüm xidmətləri olmuşdur. XIX–XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı kimi 3 cildlik “Azərbaycan tarixi” (Bakı, 1958-1965), “Azərbaycanın Rusiyaya birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri” (Bakı, 1955, rus dilində), “SSRİ tarixi” (VI cild; Moskva, 1967), “Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi” (Tbilisi, 1971), “Böyük Oktyabrın tarixi təcrübəsi” (Moskva, 1975), “Qeyri-kapitalist inkişaf yolu və müasirlik” (Ulan-Bator, 1977), “Böyük Oktyabr və Sovet Azərbaycanının iqtisadiyyatının və mədəniyyətinin çiçəklənməsi” (Bakı, 1977), “Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı” (Bakı, 1980), “Sovet tarix elmi 1975–1979-cu illərdə” (Moskva, 1980), “Azərbaycan xalqının etnogenezi” (Bakı, 1988) və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından olmuşdur.
Ə.Sumbatzadənin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Ə.Sumbatzadə ölkə və beynəlxalq miqyaslı simpozium, konfrans və konqreslərdə (Daşkənd-1957, Moskva-1960, Tehran-1966, Düşənbə-1968, Moskva-Leninqrad-1970, Aşqabad-1972, Berlin-1973, Ulan-Bator-1974, San-Fransisko-1975, Edinburq-1978, Buxarest-1980 və s.) məruzələrlə çıxış etmişdir.
Ə.Sumbatzadə “Qırmızı əmək bayrağı” ordeni və müxtəlif medallarla təltif edilmiş, Azərbaycan SSR “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Əlisöhbət Sumbatzadə 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.