Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Mustafayev Şahin Məcid oğlu
Mustafayev Şahin Məcid oğlu 7 fevral 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.
O, orta təhsilini Sumqayıt şəhər 11 saylı orta məktəbdə almışdır. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1990-cı ildə “XVI əsrin birinci yarısında Kiçik Asiyanın şərq vilayətlərində Osmanlı sosial-siyasi strukturunun formalaşması” mövzusunda namizədlik, 2011-ci ildə “XIV-XV əsrlərdə Kiçik Asiyanın türk mühitində etnosiyasi proseslər” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2015-ci ildə professor elmi adını almış, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Ş.Mustafayev əmək fəaliyyətinə AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda baş laborant vəzifəsindən başlayaraq, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
2022-ci ildən Beynəlxalq Türk Akademiyasının (Astana, Qazaxıstan) prezidenti vəzifəsində öz fəaliyyətini davam etdirir.
Ş.Mustafayevin elmi fəaliyyətinin əsas istiqamətini orta əsrlərdə Osmanlı imperiyası və Azərbaycanın sosial-iqtisadi və etnomədəni tarixinin öyrənilməsi təşkil edir. Onun başlıca elmi nailiyyətləri Ağqoyunlu, Səfəvi və Osmanlı dövründə Şərqi Anadolunun siyasi, sosial-iqtisadi tarixinin və bu bölgələrlə əlaqədar Ağqoyunlu hökmdarı Uzun Həsənin qanunvericilik fəaliyyətinin (Həsən padşah qanunnamələrinin), XI-XV yüzilliklərdə Kiçik Asiya və Azərbaycanda gedən sosial-siyasi və etnomədəni proseslərin tədqiqi, Azərbaycan tarixinə aid Osmanlı sənədli mənbələrinin (təhrir dəftərlərinin) təhlili, tərcüməsi və nəşri, İpək Yolu və Mərkəzi Asiya xalqlarının tarixinin araşdırılması ilə əlaqədar aparılan işləridir.
Ş.Mustafayev 100-dən çox elmi əsərin müəllifidir. Onlardan 57-i xarici ölkələrdə nəşr edilmişdir. Onun “Şərqi Anadolu: Ağqoyunlulardan Osmanlı imperiyasına qədər” (Moskva, 1994), “Səlcuqilərdən Osmanlılara: XI-XV əsrlərdə Kiçik Asiyanın türk mühitində etnosiyasi proseslər” (Moskva, 2017), həmmüəllifi və elmi redaktoru olduğu “Azərbaycan İpək Yolu üzərində” (Bakı, 2020 – rusca və ingiliscə) adlı monoqrafiyaları orta əsrlər Osmanlı və Azərbaycan tarixinin bir sıra konseptual məsələlərinin araşdırılmasına mühüm yeniliklər gətirmişdir. Eyni zamanda, Azərbaycan və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün əvəzsiz mənbələr sayılan Osmanlı təhrir dəftərlərinin sistematik tədqiqi, tərcüməsi və nəşri işində də xidmət göstərərək, 1728-ci ilə aid Qazax və Borçalı bölgələrini əhatə edən “Tiflis əyalətinin müfəssəl dəftəri” və 1590-cı ilə aid “Lori vilayətinin icmal dəftəri”ni çap etdirmişdir.
Ş.Mustafayevin rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanmışdır.
Ş.Mustafayev 2008-2013-cü illərdə UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru vəzifəsində çalışdığı zaman bir sıra mühüm elmi-tədqiqat layihələrinin gerçəkləşdirilməsinə imza atmışdır. Onun rəhbərliyi altında həyata keçirilən bu layihələrin bir neçəsi Azərbaycanla Mərkəzi Asiya xalqlarının tarixi-mədəni əlaqələrinə həsr olunmuşdur. Ş.Mustafayev UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun müxbir üzvüdür. O, UNESCO-nun İpək Yolu seriya nominasiyası və onlayn platformu proqramlarının Azərbaycan üzrə əlaqələndiricisidir. UNESCO-nun “Hirayama - İpək Yolu” və Fulbright proqramlarının qrant layihələrinin qalibidir. AMEA-nın həqiqi üzvü Ş.Mustafayev 2022-ci ildə Özbəkistan Prezidenti Ş.Mirziyoyevin Sərəncamı ilə Özbəkistanın “Dostluq” ordeni, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.