Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Babanlı Məhəmməd Baba oğlu
Babanlı Məhəmməd Baba oğlu 22 yanvar 1952-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirmişdir (1973).
O, 1977-ci ildə “Tl2CVI-BIII2CIV3 (BIII-Ga, In; CIV- S, Se, Te) sistemlərinin faza tarazlıqları və termodinamik xassələri” mövzusunda namizədlik (Belarus Dövlət Universiteti), 1988-ci ildə “Talliumun üçlü yarımkeçirici xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Əmək fəaliyyətinə Bakı Dövlət Universitetində başlayaraq kiçik elmi işçi, böyük elmi işçi, dosent, professor, dekan müavini, kafedra müdiri, prorektor vəzifələrində işləmişdir. 2014-cü ildən akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2021-ci ildən icraçı direktorudur.
M.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termodinamikası və materialşünaslığı sahəsində ixtisaslaşmışdır. O, çoxkomponentli qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqi üçün yeni rasional yanaşma təklif etmiş, onun nəzəri və metodoloji aspektlərini hazırlayıb və geniş şəkildə reallaşdımışdır. Apardığı sistemli tədqiqatlar nəticəsində topoloji izolyator, termoelektrik, fotoelektrik, superionkeçirici və s. funksional xassəli bir çox yeni perspektivli materiallar aşkar edib, onların istiqamətli sintezinin elmi əsaslarını yaratmışdır.
M.Babanlı 1000-dən artıq elmi əsərin, o cümlədən, 5 monoqrafiyanın, ali məktəblər üçün 11 dərslik və dərs vəsaitinin, 600-dən artıq xaricdə dərc olunan məqalənin və 6 patentin müəllifidir. 400-ə yaxın elmi məqaləsi “Clarivate Analytics” və Scopus İnformasiya Sistemlərinə daxil olan beynəlxalq jurnallarda, o cümlədən, Nature, Nature Communications, ACS Nano, Physical Review Letters və s. çap olunub. Google Scholar elmi-məlumat bazasına görə onun əsərlərinə 7350 istinad edilmiş, h-indeksi - 441, İ10- indeksi – 141-dir.
M.Babanlının elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülmüşdür: Almaniya akademik mübadilə xidmətinin (DAAD) qrantı, Avropa birliyinin İNTAS proqramı üzrə qrantlar, Fransanın ECONET proqramı üzrə qrant, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və ARDNŞ-ın Elm Fondunun qrantları.
M.Babanlının rəhbərliyi ilə 5 elmlər doktoru, 40 fəlsəfə doktoru hazırlanmışdır. Yetişdirdiyi elmi kadrlar arasında Suriya, Vyetnam, Koreya, İran və Əfqanistan vətəndaşları da vardır.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə (2000), Rusiya EA-nın jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyətinin diplomu (2011), “Kurnakov” xatirə medalı və diplomu (2015), AR Prezidenti yanında Elmin İnkişafı Fondu və Thomson Reuters beynəlxalq elmi-analitik informasiya şirkəti tərəfindən “Ən çox istinad olunan görkəmli elmi məqalə”yə görə diplomla (2016) təltif edilmişdir. AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş “İlin alimi” müsabiqəsinin (2016) qalibi olmuşdur.