Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Səyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib.
1961-1972-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almış və görkəmli tarzən Əhsən Dadaşovun tar sinfini bitirmişdir. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdir. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, “Azkonsert”, “Aşıqlar” qrupunun, “Cəngi” estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb.
Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib. S.Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. Azərbaycan – Norveç vokal musiqi layihəsi (2001), Azərbaycan və Cənubi Amerika musiqiçiləri ilə müştərək yaratdıqları “SALAM HOLA” beynəlxalq lahiyəsi (2002) onun rəhbərliyi ilə uğurla həyata keçirilmişdir.
Siyavuş Kərimi “Sarı gəlin”, “Sonuncu döyüş”, “Əlvida, cənub şəhəri”, “Girov” və s. geniş ekranlı bədii, 9 seriyalı “Heydər Əliyev” televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan “Hamlet” tamaşasına yazdığı musiqiyə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Professor Siyavuş Kərimi “Saz məktəbi” dərsliyinin həmmüəllifi (A.Quliyev, M.Əliyevlə birlikdə), iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisidir. “Muğam ensiklopediya”sının “Azərbaycan xanəndələri” CD toplusunda “Gənc xanəndələr” bölməsinin səsyazısına rəhbərlik etmişdir.
2001-ci ildən 2024-cü ilə kimi Azərbaycan Milli Konservatoriyasının rektoru olub, həmçinin Milli musiqinin tarixi və nəzəriyyəsi kafedrasının professorudur.
Siyavuş Kərimi 2005-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı, 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.