Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əfəndiyev Məsud 1953-cü ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olub. O, 1970-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. İki il sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.
1991-ci ildən hazırkı dövrədək Almaniyada yaşayan alim ölkənin müxtəlif universitetlərində (Münhen, Ştutqart, Berlin) sevdiyi peşəni tədris edir. 2005-ci ildə o, Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Science – JSPS” təşkilatının mükafatına layiq görülüb.
M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. O, dünya elmində ən yüksək təltiflərdən hesab edilən, “kiçik Nobel mükafatı” adlandırılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatına layiq görülən ilk azərbaycanlı laureat olaraq tarixdə iz qoyub.
2014-cü ildə Münxendə professor M.Əfəndiyevin 60 illiyinə həsr olunan “Biologiya, fizika və mexanikada qeyri-xətti təzahür” beynəlxalq konfransı keçirilib. Alim on aparıcı beynəlxalq jurnalların redaksiya şuralarının üzvü olmaqla bərabər “International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktoru, həmçinin Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunan 7 kitabın müəllifidir. Müxtəlif xarici dil biliyinə malik olan alimin son iki kitabı 2018-ci ildə “Springer” nəşriyyatında çap olunub.
2018-2019-cu illərdə professor Məsud Əfəndiyev Kanadanın bir sıra universitetlərində (Toronto, Fields, Vaterloo) “Riyazi biologiya” fənni üzrə mühazirələr deyib. Fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.
Aparıcı beynəlxalq jurnallarda alimin 160-dan çox məqaləsi dərc edilmişdir.
21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə professor Məsud Əfəndiyev “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
“Məni Azərbaycan cəmiyyəti ulu öndərimiz Heydər Əliyevin kadrı kimi tanıyır. Bunun üçün çox ciddi əsaslar da var. Əvvəla, mən orta məktəbi Zaqatalada 1970-ci ildə qızıl medalla bitirmişəm. Sonra Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Moskva Dövlət Universitetində təhsil almışam və orada aspiranturanı, doktoranturanı bitirmişəm. 31 ildən çoxdur ki, mən Almaniyada professor qismində yaşayıram və çalışıram. Buna baxmayaraq, Almaniya vətəndaşlığını qəbul etməmişəm, Azərbaycan vətəndaşı olaraq qalıram! Ulu Öndərin dediyi kimi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyə M.Əfəndiyev “Əməkdar elm xadimi” fəxri adı alması münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda bildirmişdi.
Alim müntəzəm olaraq Azərbaycana gələrək müxtəlif elm və ali təhsil müəssisələrində mühazirə, seminar və master-klasslar təşkil edir.