Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda anadan olub. Məşhur Bədəlbəylilər nəslindəndir, atası Azərbaycanın Xalq artisti, tanınmış aktyoru və rejissor Şəmsi Bədəlbəylidir.
1965-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Fərhad Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Viana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.
1971-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1973-cü ildə baş müəllim, 1978-ci ildə dosent, 1985-ci ildə professor vəzifələrinə təyin olunub. Musiqi təşkilatçılığı işi, maarifçilik – F.Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. F.Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılıb.
1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru vəzifəsində çalışır. 1995-ci ildən o, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun üzvüdür.
Fərhad Bədəlbəylinin çoxcəhətli ifaçılıq, pedaqoji və musiqi-ictimai fəaliyyəti Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rol oynamışdır. Artıq erkən gənclik dövründə F.Bədəlbəyli milli incəsənətimizə yol açanlardan biri kimi daxil olmuşdur ki, məhz o, pianoçuların nüfuzlu beynəlxalq müsabiqələrində laureat adı almış ilk Azərbaycan musiqiçisi olmuşdur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexiya, İsveçrə, Yaponiya və s. ölkələri əhatə edir.
2009-cu ildən Qəbələ Musiqi Festivalının bədii rəhbəridir. Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
O, 1972-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 1978-ci ildə Azərbaycan SSR Xalq artisti, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, 1985-ci ildə Azərbaycanın Dövlət mükafatı, 1990-cı ildə SSRİ Xalq artisti adını alıb, 1997-ci ildə “Şöhrət”, 2017-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub.
O, bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsidir və onun fəaliyyətində yaradıcılıq və təşkilatçılıq işi, maarifçilik və pedaqogika bir-biri ilə sıx vəhdət təşkil edir. Onun yaradıcılıq coşğusu, inadkarlığı, məqsədyönlülüyü gənc nəslə mənsub musiqiçilər üçün bariz nümunədir.