Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib. 1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub.
1975-1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini – Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.
100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifi olan H.Paşayev ingilis və rus dillərini bilir.
Hafiz Paşayev haqqında danışarkən ilk növbədə onun müstəqil Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri kimi fəaliyyəti göz önünə gəlir. Belə ki, o, ABŞ-dakı birinci səfir kimi on üç il yarım ərzində ölkənin maraqlarını ləyaqətlə təmsil edib, mədəniyyətini amerikalılara tanıdıb. H.Paşayev Aərbaycanın xaricdəki diplomatik korpusunun ən uzun müddət xidmət edən səfiri olub. Bu müddət ərzində Hafiz Paşayev həmçinin Amerikanın nüfuzlu siyasi dairələrində böyük hörmət qazanıb, ehtiramla qarşılanıb. Bu hörmət və ehtiramı o, Amerikada bir alim kimi fizika sahəsində tədqiqatlar apardığı 70-ci illərdən, eyni zamanda, bir diplomat kimi, yüksək peşəkarlığı və ali dəyərlərlə yaşayan bir ziyalı kimi şəxsi keyfiyyətləri hesabına əldə edib.
Hafiz Paşayev “ADA” Universitetini yaratmaqla həm də bir təhsil oazisi yaradıb. Rektor olduğu müddət boyu o, tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən məzunlar yetişdirilməsini başlıca vəzifəsi hesab edib. “ADA” Universitetinin əldə etdiyi uğurlardan biri də bu ali təhsil ocağında yaradılmış mühitdir - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə sövq edən bir məkanhttps://setm.tech.
O, hər zaman universitetdə çalışan müəllimlərin şəxsiyyətinə, elmi potensialına və mənəvi-əxlaqi keyfiyyətlərinə bir-birini tamamlayan amillər kimi eyni dərəcədə böyük əhəmiyyət verdiyini deyib: “Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünyagörüşü, dəyərləri, Vətən sevgisi hər bir tələbənin aldığı başlıca dərsə çevrilir”. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın dediyi kimi, Hafiz Paşayev ömrünün hər bir mərhələsində, çalışdığı hər bir vəzifədə Azərbaycanın maraqlarını hər şeydən üstün tutub. Onun istər siyasi, istər elmi, istər ictimai fəaliyyəti bir məqsədə - Azərbaycanın güclənməsinə, inkişafına xidmət edib.
“Yaradıcı vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdədir. Sürətlə dəyişən dünyada tədris edilən proqram və dərsliklər daim yenilənməli, tədris materialları gerçək həyata yaxınlaşdırılmalıdır. Gənclərin müasir texnologiyalara həvəsini nəzərə alaraq, təhsildə interaktiv metodların və yeni alətlərin istifadəsi təmin olunmalıdır”, - deyə Hafiz Paşayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında bildirmişdi.
2011-ci il mayın 2-də Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 2 may 2016-cı il tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub. 2019-cu ilin iyul ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 29 aprel 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2023-cü ildə Gürcüstan Texniki Universitetinin (GTU) fəxri doktoru adına layiq görülüb.