GÖRKƏMLİ ALİMLƏR

Azərbaycanda bazar iqtisadiyyatına keçid konsepsiyasının müəlliflərindən biri

Azərbaycanda bazar iqtisadiyyatına keçid konsepsiyasının müəlliflərindən biri

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Nazim Müzəffər oğlu İmanov 1955-ci il iyun ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik, 1990-cı ildə Moskva şəhərində İctimai Elmlər Akademiyasında doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildən professordur. 1994-cü ildən Beynəlxalq Eko-Enerji Akademiyasının həqiqi üzvüdür. 2016-cı ildən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin (ÇXR) baş məsləhətçisidir.

Nazim İmanov 1977–1979-cu ilərdən Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1982–1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor olaraq çalışmışdır. Nazim İmanov 1991–1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsində də işləmişdir.

Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini, eləcə də Azərbaycan Milli Məclisinin I çağırış üzvü olmuşdur.

Həmçinin 2003–2005-ci illərdə Avropa İttifaqının eksperti, 2005–2015-ci illərdə “Qafqaz və Qloballaşma” elmi məcmuəsinin baş redaktoru, 2007–2014-cü illərdə isə Azərbaycan Banklar Assosiasiyasında müşavir kimi fəaliyyət göstərmişdir. 2014-cü ilin may ayından etibarən Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna rəhbərlik edir.

Elmlə tələbəlik illərindən Azərbaycan Dövlət İqtisad Universitetinsə Karl Marks adına təqaüdlə oxuduğu vaxtlardan məşğul olur. İlk elmi araşdırması 1976-cı ildə Şərqi Avropa iqtisadçı tələbələrinin VI Beynəlxalq elmi müsabiqəsində (Bratislava ş.) birinci yer tutmuşdur. “Təbiətdən istifadə ilə bağlı iqtisadi münasibətlər” monoqrafiyası 1988-ci ildə “Komsomol” mükafatına layiq görülmüşdür. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda siyasi müstəqilliyin iqtisadi islahatlarla dəstəklənməsi sahəsində çalışan ilk azərbaycanlı mütəxəssislərdəndir. Onun rəhbərliyi altında bir qrup ekspertin hazırladığı “Azərbaycan Respublikasının bazar iqtisadiyyatına və tam iqtisadi müstəqilliyə keçidi Proqramının Konsepsiyası” 1992-ci ildə “H.Z.Tağıyev adına milli mükafat”la təltif olunmuşdur.

Hazırda iqtisadi nəzəriyyə üzrə ölkəmizdə və xaricdə tanınmış alimdir. 7 monoqrafiyası, 100-dən çox elmi məqaləsi dərc olunmuşdur. “İqtisadi etüdlər” kitabının, “Azərbaycanın post-konflikt ərazilərinin bərpası”, “Azərbaycanın reytinqi - beynəlxalq müqayisəli tədqiqatlarda”, “İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə” monoqrafiyalarının müəllifidir.

“Azərbaycanın post-konflikt ərazilərinin bərpası” kitabının Böyük Britaniya Parlamentinin Lordlar Palatasında, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda, Avropa Parlamentində, Rusiya Dövlət Humanitar Universitetində və Karnegi İnstitutunun Rusiya nümayəndəliyində təqdimatı keçirilmişdir.

“İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə” monoqrafiyasında dövlətin iqtisadiyyatı tənzimlənmə səviyyəsinin yeni ölçülmə metodologiyası işlənib hazırlanmış və onun əsasında müxtəlif ölkələrdə iqtisadiyyatın liberallıq səviyyəsini müqayisəli şəkildə qiymətləndirmək mümkün olmuşdur. Həmin metodologiyadan, o cümlədən müəllifin təklif etdiyi kompozit indeksdən İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksindən istifadə etməklə, İqtisadiyyat İnstitutu 2015-ci ildən başlayaraq “Dövlətin iqtisadiyyatı tənzimləməsi səviyyəsinin qiymətləndirilməsi” adlı illik hesabatlar hazırlayır və dərc edir. Bu tədqiqatlar təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də (ÇXR, Polşa, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Rusiya və s.) elmi ictimaiyyətin geniş marağını cəlb etməkdədir. N.İmanovun metodologiyası əsasında ayrı-ayrı alimlər tərəfindən iqtisadiyyatın müxtəlif problemləri üzrə onlarla məqalə dərc edilmişdir. Hazırda İqtisadiyyat İnstitutunda bu istiqamətdə bir neçə doktorluq və 10-dan artıq fəlsəfə doktorluğu dissertasiyaları yazılmaqdadır.

Son illər ərzində bir sıra nüfuzlu xarici kitab və jurnallarda, o cümlədən Stokholmda (İsveç) ingilis və rus dillərində nəşr olunan və baş redaktoru olduğu “Qafqaz və Qloballaşma” elmi məcmuəsində 20-yə yaxın məqalə dərc etdirmişdir. Hazırda İqtisadiyyat İnstitutunun dərc etdiyi “Elmi əsərlər” jurnalının baş redaktoru, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nəşr etdiyi “Statistika xəbərləri” jurnallarının redaksiya heyətlərinin üzvüdür.