Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Musayev Akif Fərhad oğlu 18 iyul 1947-ci ildə Füzuli rayonunda anadan olmuşdur.
O, orta təhsilini Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbində almış, 1971-ci ildə isə Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirmişdir. A.Musayev 1972-1975-ci illərdə Moskvada Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasında təhsil almış, Moskvada “Avtomobil nəqliyyatında növbəli sutkalıq tapşırıqların effektivliyinin operativ planlaşdırma üsulları ilə yaxşılaşdırılması” mövzusunda namizədlik (1977), “Yeni təsərrüfatçılıq şəraitində neft maşınqayırma sənayesinin inkişafının idarə edilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq (1992) dissertasiyalarını müdafiə etmiş, professor elmi adını almış (1993), AMEA-nın müxbir üzvü seçilmişdir (2001).
A.Musayev 1967-ci ildən AEA Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlamış, Kibernetika İnstitutunda baş elmi işçi (1976-1984), ADNA-da baş müəllim (1984-1999) dosent, kafedra müdiri vəzifələrində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 sentyabr 1994-cü il tarixli 212 saylı Fərmanı ilə özəl təhsilin tənzimlənməsi və dövlət qeydiyyatı məqsədilə yaradılmış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DAEK-in üzvü təyin edilmişdir. A.Musayev Vergilər Nazirliyində Baş İdarə rəisi (1999-2016), nazirin müşaviri, paralel olaraq Azərbaycan Universitetinin rektoru, Kibernetika İnstitutunda şöbə müdiri, UNEC-də kafedra müdiri vəzifələrində çalışmışdır. 2016-cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır.
A.Musayev 314 elmi əsərin, 9 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 12 fənn proqramının, 278 elmi məqalənin və s. müəllifidir. Onun əsərləri xarici ölkələrdə çap olunmuşdur. O, “Neftçıxarma və neft-maşınqayırma: qarşılıqlı fəaliyyətin təhlili” (1997),“Qiymətli kağızlar bazarı” (1999), “Vergi siyasətinin iqtisadi problemləri” (2004), Qeyri-müəyyənlik şəraitində kölgə iqtisadiyyatının inteqral vergi yükünün proporsional inkişaf modelinə təsirinin qiymətləndirilməsi “Qeyri-səlis sistemin inkişafı” jurnalı, (London, 2018) “Makroiqtisadi göstəricilərin qarşılıqlı təsirlərinin interval analizinin tətbiqi ilə qiymətləndirilməsi” (Varşava, 2019) və b. əsərlərin müəllifidir. Onun elmi məqalələri və tədqiqat işləri Web of Science, Scopus, Springer və s. bazalarda indeksləşən impakt faktorlu jurnallarda dərc olunmuşdur. A.Musayevin rəhbərliyi ilə 5 nəfər elmlər doktoru, 34 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
A.Musayev 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, 2014-cü ildən Azərbaycan Respublikası ETƏŞ İqtisadiyyat Problemləri üzrə, 2018-ci ildən Azərbaycan Respublikası ETƏŞ İqtisadi-riyazi modelləşdirmə üzrə Elmi şurasının sədri olmuşdur.
A.Musayev “Dövlət Qulluğunda fərqlənməyə görə medalı”, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, AMEA-nın və Azərbaycan Respublikası Vergilər nazirliyinin Fəxri fərmanları ilə təltif olunmuşdur. O, Gürcüstanın Qafqaz və Azərbaycanın Odlar yurdu Universitetlərinin fəxri doktoru, Yaxın doğu Universitetinin ziyarətçi professoru, Girne Universitetinin Bankacılık və Finans bölüm başkanı olmuşdur. Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf diplomu” və “Görkəmli lider” mükafatı ilə təltif olunmuşdur.
AMEA-nın müxbir üzvü Akif Musayev 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.