GÖRKƏMLİ ALİMLƏR

Azərbaycan tarixinin açılmayan sirlərini cəsarətlə deyən alim

Azərbaycan tarixinin açılmayan sirlərini cəsarətlə deyən alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ziya Musa oğlu Bünyadov 21 de­kabr 1923-cü il­də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olub. Atası Bibi-Heybət alim-şeyxləri nəslindən olub. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənib və Quranı oxumağa başlayıb. Anası Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi və Azərbaycan dilində sərbəst danışırdı. Ona görə də ailədəki 6 uşaq həm Azərbaycan, həm də rus dillərini eyni səviyyədə mükəmməl bilirdi.

Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gəlir. Amma tibbi komissiyadan keçmədiyi üçün sənədlərdə yaşını 2 dəfə artırıb Orconikidze adına Hərbi Piyadalar Məktəbinə daxil olur. 1941-ci ilin mayında həmin məktəbi leytenant rütbəsində əla qiymətlərlə bitirir. Bundan sonra onu Bessarabiyaya hərbi xidmətə göndərirlər.

İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında o, ilk döyüşə girir. İki dəfə yaralanır, ağır kontuziya alır, ancaq yenidən cəbhəyə qayıdır. Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçir.

Z.Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik bölüyə başçılıq edir. Komandirlə mübahisəsi zamanı haqlı olduğunu sübut etməyə çalışarkən onunla söyüşdüyünə görə, Ziya Bünyadov “cərimə rotası”na göndərilir və bir il orada qalır.

1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Cəbhədəki qəhrəmanlıqlarına görə o, Lenin, Qırmız Ulduz, Aleksandr Nevski ordenləri və s. orden və medallarla təltif edilib.

Ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci il­­də isə hə­min ins­ti­tu­tun as­­pi­­ran­­tu­­ra­­sı­­na da­xil ol­­muş­­­dur. Tə­lə­­bə­lik il­lə­­rin­­də gör­­kəm­­li So­vet ərəb­­şü­­na­sı prof. Y.A.Bel­­ya­yev onun mü­əl­li­mi ol­muş­dur. 1954-cü il­də Z.Bün­ya­dov ilk təd­qi­qat işi olan “Af­ri­ka­da İta­li­ya im­pe­­ria­liz­mi” möv­zu­sun­da na­mi­zəd­lik, 1964-cü il­də “Azər­bay­can VII-IX əsr­lər­də” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­la­rını mü­­da­­fiə et­miş, 1965-ci il­də pro­fes­sor el­mi adını al­mış, 1967-ci il­də AEA-nın müx­­bir üz­vü, 1976-cı il­də hə­qi­qi üz­vü se­çil­miş­dir. 

1954-cü il­də Zi­ya Bün­­ya­dov el­mi fəa­liy­yə­ti­nə bö­­yük el­mi iş­çi ki­mi Ta­rix İns­ti­­tu­tun­da baş­la­mış, 1958-1959-cu il­lər­də Azər­bay­can Döv­­lət Uni­ver­si­te­ti­nin Şərq­­şü­­nas­lıq fa­kül­tə­si­nin mü­əl­­li­mi ol­muş, 1964-1981-ci il­lər­də Ya­xın və Or­ta Şərq Xalq­la­rı İns­­ti­tu­tu­nun Or­ta əsr­lər ta­ri­xi şö­bə­si­nə rəh­bər­lik et­miş, 1981-1988-ci il­lər­də Z.Bün­ya­dov AEA-nın Şərq­şü­nas­lıq İns­ti­tu­tu­nun Şər­qin or­ta əsr­­lər ta­ri­xi şö­bə­si­nin mü­di­ri və­zi­fə­sin­də, 1988-1990-cı il­lər­də AEA-nın Şərq­şü­nas­lıq İns­ti­tu­tu­nun di­rek­to­ru və­zi­fə­sin­də iş­lə­miş­dir. O, 1990-cı il­də Azər­bay­can Elm­­lər Aka­­de­­mi­­ya­sı­nın vit­se-pre­z­­id­­en­­ti se­çil­­miş­, 1992-ci ilin okt­­yab­­r ayın­­dan isə ye­ni­dən Şərq­­şü­­nas­­lıq İns­ti­tu­tu­na rəh­­bər­­lik et­miş­dir.

Z.Bün­ya­dov or­ta əsr­lər ta­ri­xi və mən­bə­şü­nas­lıq üz­rə el­mi mək­tə­bin ba­ni­si­dir. Onun 1965-ci il­də çap olu­nan “Azər­bay­can VII-IX əsr­lər­də” ki­ta­bı Z.Bün­­ya­do­va Azər­­bay­­ca­nın or­ta əsr­lər ta­ri­xi üz­rə cid­di təd­­qi­­qat­­çı və mü­­tə­­xəs­­sis şöh­­rə­ti qa­­zan­­dır­mış­dır.

Z.Bün­ya­dov 1978-ci il­də “Azər­­bay­­can Ata­­bəy­lər döv­lə­ti (1136-1225-ci il­lər)” ad­­lı mo­no­q­ra­­fi­ya­sı­nı nəşr et­dir­miş­dir. Əsər 1980-ci il­də elm və tex­ni­ka sa­hə­sin­də Azər­­bay­­can Döv­lət Mü­ka­fa­tı­na la­yiq gö­rül­müş­dür.

Bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərini ortaya qoyub. O, bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarıb, 1937-ci ilin qurbanlarını xalqa tanıdıb.

Akademik Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edərək deyib: “Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır”.

1982-ci il­də Azər­­bay­­can SSR “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­nı al­mış­dır. Elə hə­min il­də türk xalq­la­rı ta­ri­­xi­­nin öy­rə­nil­mə­sin­də bö­yük xid­mət­­lə­­ri­nə gö­rə Türk Ta­rix Qu­ru­mu­nun müx­bir üz­vü se­çil­­miş­­dir.

1990-cı illərdə Z.Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri olub. Ziya Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab verib.

1990-cı il­də “Qu­ra­ni-Kə­rim”in tər­­cü­­mə­­si­­nə gö­rə “H.Z.Ta­­ğı­yev” adı­na mü­ka­fa­ta, 1993-cü il­də A.A.Ba­kı­xa­no­vun “Gü­lüs­ta­ni-İrəm” əsə­ri­­nin el­mi və şərh­li nəş­ri­nə gö­rə “A.A.Ba­­kı­­xa­­nov” adı­na mü­­ka­­fa­ta la­yiq gö­rül­­müş­­dür.

O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər ziyalıdan biri idi. Heydər Əliyev Ziya Bünyadovun fəaliyyətini yüksək qiymətləndirirdi: “Ziya Bünyadovun xidmətləri çoxdur və onun ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, 80-ci illərin axırlarında – 90-cı illərin əvvəllərində o, böyük alim kimi, tədqiqatçı kimi Azərbaycanın açılmamış arxivlərinə bir daha getdi, o arxivlərdən Azərbaycan tarixinin XX əsrə aid səhifələrini açdı, tədqiq etdi, öz kitablarında, dövri mətbuatda yazılar verdi və beləliklə də, əgər əvvəllər Azərbaycan tarixinin orta əsrlərə aid çox mühüm dövrlərini elmi əsərlərində işıqlandırdısa, açdısa, göstərdisə, son illərdə özünü buna həsr etdi. O cümlədən ilk Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində gedən prosesləri də, o dövrü də doğru-düzgün tədqiq edənlərdən biri Ziya Bünyadovdur”.

Ziya Bünyadov Yeni Azərbaycan Partiyasının yaranmasında da iştirak edib. Həmin zaman bir dəstə ziyalı ilə birlikdə dəfələrlə Naxçıvana gedərək Ulu Öndər Heydər Əliyevlə görüşüb. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə Ziya Bünyadov yeni yaranan partiyanın sədr müavini seçilib. 12 no­yabr 1995-ci il­də Mil­li Məc­li­sin de­pu­ta­tı se­çil­­miş­dir.

Z.Bün­ya­dov 30 na­mi­zəd­lik dissertasiyasının rəh­­­­bə­ri və məs­lə­hət­çi­si, 12 dok­­tor­luq dis­­ser­­ta­­si­ya­sı­nın op­­po­­nen­ti ol­muş­dur.

1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

Ulu Öndər Heydər Əliyev Ziya Bünyadovla vidalaşma mərasimində demişdir: “Ziya Bünyadov bir alim kimi heç nədən qorxmayaraq, heç kəsdən çəkinməyərək öz elmi fikirlərini söyləyirdi. O vaxtkı siyasi mühit, siyasi konyuktura bunu qəbul etmirdi. Ziya Bünyadov, hətta buna görə günahlandırılırdı, onu hətta cəzalandırmaq istəyirdilər…Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycan xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi”.