Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu 8 iyul 1909-cu ildə Şəki şəhərində anadan olmuşdur.
İbtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə “Həqiqətül-maarif” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ildə 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə “Yeni Məktəb” məcmuəsində dərc edilmişdir. Ə.Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şeirlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi-tədqiqat sahəsinə istiqamətləndirmişdir.
1929-1932-ci illərdə Azərbaycan Dövlət Universitetinin Pedaqoji fakültəsində təhsil almış, 1933-cü ildə həmin universitetin aspiranturasına daxil olmuşdur. 1936-cı ildə “Türk dili”, 2 il sonra “Azərbaycan ədəbi dili tarixinin xülasələri” kitablarını çap etdirmişdir. Dövrün məşhur alimləri (Y.E.Bertels, S.E.Malov, İ.K.Dmitriyev) ikinci kitabın namizədlik dissertasiyası kimi müdafiəyə layiq olduğunu bildirmiş və ona 1940-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Dil tarixi sahəsində elmi tədqiqatlarını davam etdirən alim 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1945-ci ildə professor elmi adı almış, 1955-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.
Ə.Dəmirçizadə 1940-1943-cü illərdə Azərbaycan Dövlət Universitetində çalışmış, 1943-cü ildən ömrünün sonuna qədər isə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmişdir.
Alimin 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunmuşdur. Bu əsərlərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırmışdır. Alimin “Azərbaycan dili tarixi xülasələri”, “Mirzə Fətəli Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azəri ədəbi dilinin tarixi”, “Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)”, “Azərbaycan dili orfoepiyasının əsasları” kitabları yalnız Azərbaycan dilçiliyini deyil, ümumilikdə türkologiya elmini zənginləşdirmişdir. Görkəmli alim etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı orijinal kitabda nəşr etdirmişdir.
Ə.Dəmirçizadə Azərbaycan SSR “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olmuşdur.
AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.