Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Sultanov Hacı Ağabəy Həşim oğlu
Sultanov Hacı Ağabəy Həşim oğlu 22 fevral 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir (1960).
A.Sultanov Elmi-Tədqiqat Psixiatriya İnstitutunda namizədlik (1967) və doktorluq (1972) dissertasiyaları müdafiə etmiş, professor elmi adını almışdır (1973). AMEA-nın müxbir üzvü seçilmişdir (2007).
Əmək fəaliyyətinə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlamışdır. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun Psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada ET Psixiatriya İnstitutunun aspiranturasında təhsil almışdır. Alim 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb İnstitutunun Psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləmiş, 1990-cı ildən kafedranın müdiri, Azərbaycanın baş psixiatrı olmuşdur.
A.Sultanovun elmi fəaliyyətinin əsas istiqamətini şizofreniya xəstəliyinin diaqnostikası, klinikası, müalicə üsullarının işlənib hazırlanması təşkil etmişdir. Alim Azərbaycanda psixiatriya tarixində ilk dəfə olaraq “Sosial psixiatriya” mövzusu üzrə geniş miqyaslı təhlillər aparmış, məntiqi elmi nəticələr əldə etmişdir. Onun elmi işləri Azərbaycanda klinik psixiatriya ilə yanaşı, sosial psixiatriyanın da inkişafına güclü təkan vermişdir.
A.Sultanov 300-dən çox elmi əsərin (50-dən çoxu xaricdə olmaqla), monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun tədqiqat işlərinin nəticələri “Şizofreniyalı xəstələrin instinkt aləmindəki pozuntuları” adlı monoqrafiyasında, “Psixiatriya üzrə mühazirələr” (2001), “Леkции по психиатрии” (1992), “Психиатрия” (2001) dərsliklərində, 8 metodik tövsiyədə öz əksini tapmışdır. Dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda etdiyi çıxışlar müəllifə layiqli nüfuz qazandırmışdır.
Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 9 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır.
A.Sultanov elmi-pedaqoji fəaliyyətlə yanaşı, həm də geniş diapazonlu ictimai işlərlə məşğul olmuşdur. O, BMT-nin Azərbaycanda psixiatriya üzrə koordinatoru, Ümumdünya Psixiatrlar Federasiyasının, Rusiya Tibb Elmləri Akademiyasının Psixi Sağlamlıq üzrə Elmi şuranın Rəyasət Heyətinin, Rusiyanın İntihara qarşı problem komissiyasının, AR Elmi biliklərin və texnologiyaların etikası üzrə komitənin, “Azərbaycan Tibb jurnalı”nın redaksiya heyətinin üzvü, Azərbaycan Tibb Universitetində psixiatriya, nevrologiya, otorinolarinqologiya və stomatologiya üzrə Müdafiə şurasının, Psixiatriya və nevrologiya üzrə İxtisaslaşdırılmış problem komissiyasının sədri olmuşdur.
A.Sultanov “Əməkdar elm xadimi” fəxri adına, iki dəfə “Humay” mükafatına (2001, 2003), “Akademik Yusuf Məmmədəliyev” adına mükafata, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanlarına (2003, 2005) layiq görülmüş, “Şöhrət” ordeni ilə (2006) təltif edilmişdir.
AMEA-nın müxbir üzvü Hacı Ağabəy Sultanov 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir.