Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Şahtaxtınski Toğrul Nemət oğlu
Şahtaxtınski Toğrul Nemət oğlu 22 oktyabr 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsini bitirmişdir (1949). Atası Nemət Şaxtaxtinski keçən əsrin əvvəllərində Ali texniki məktəbi bitrdikdən sonra uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri, anası biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra Şaxtaxtinskaya isə Azərbaycan Tibb Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri işləyib.
O, 1959-cu ildə “Kompleks kimyəvi proseslərin işlənib hazırlanmasının nəzəri əsasları” mövzusunda namizədlik, 1968-ci ildə “Alifatik karbohidrogenlərin və onların texniki qatışıqlarının katalizatorun “qaynar” layında oksidləşdirilməsi və oksidləşdirici ammonolizi“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş və professor elmi adını almışdır. 1972-ci ildə AEA-nın müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.
1961-1962-ci illərdə AEA-nın Neft-Kimya Prosesləri İnstitutunda elmi işlər üzrə direktor müavini, 1962-1967-ci illərdə laboratoriya müdiri olmaqla yanaşı, 1962-1975-ci illərdə Monomerlər şöbəsinə də rəhbərlik etmiş, 1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri, 1975-2002-ci illərdə AEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun, 2002-2010-cu illərdə Kimya Problemləri İnstitutunun direktoru, 1973-1981, 1990-2001-ci illərdə AEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi və 2001-2007-ci illərdə AMEA-nın akademik-katibi olmuşdur.
T.Şahtaxtınskinin elmi fəaliyyəti kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, üzvi və neft kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya proseslərinin modelləşdirilməsi və optimallaşdırılması, kimya texnologiyasının nəzəri əsaslarının işlənilməsi ilə əlaqəli geniş problemləri əhatə edir.
T.Şahtaxtınski katalizatorun qaynayan təbəqəsində alifatik karbohidrogenlər və onların qarışıqlarının oksidləşmə və oksidləşdirici ammonolizi sahəsindəki işlərilə elmi ictimaiyyətə yaxşı tanışdır.
Onun rəhbərliyi altında xlorkarbohidrogenlərin heterogen-katalitik oksidləşməsinin elmi əsasları işlənilmiş, oksid katalitik sistemlərdə C1-C4 xlorkarbohidrogenlərin birbaşa heterogen-katalitik oksidləşməsi, müxtəlif promotorlarla müxtəlif daşıyıcılarda yüksək aktivliyə və seçiciliyə malik olan bir sıra oksid katalitik sistemlərin sintezi və seçilməsi sahələrində tədqiqatlar aparılmışdır.
T.Şahtaxtınski və əməkdaşları tərəfindən katalizatorun dəyişən aktivliyi şəraitində gedən heterogen-katalitik proseslərin təcrübi və nəzəri tədqiqi metodikası, həmçinin, psevdo sıxılmış təbəqədə sirkulyasiya edən katalizatorun qeyri-stasionar aktivliyi nəzərə alınmaqla bir sıra sənaye proseslərinin modelləşdirilməsi və intensivləşdirilməsi prinsipləri işlənib hazırlanmışdır.
T.Şahtaxtinski və əməkdaşları tərəfindən elmi avtomatlaşdırılmış eksperimentin təşkili üzrə yeni elmi istiqamət, onların keçirilmə vasitələri, kimyəvi və kimya texnoloji tədqiqatlarda Elektron Hesablayıcı Maşın ilə tədqiqatçı arasında münasibətin dialoq rejimindən istifadə etməklə informasiyaların tədqiqi formalaşdırılmış, əsaslandırılmış və həyata keçirilmişdir.
1976-cı ildə T.Şahtaxtınski KTNPİ-nin nəzdində “Kimya texnologiyasının proses və aparatları” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə namizədlik dərəcəsi verən xüsusiləşdirilmiş müdafiə şurasının, 1984-cü ildən həmin ixtisaslar üzrə, 1995-2010-cu illərdə üç ixtisas üzrə – “Kimya texnologiyasının proses və aparatları”, “Kimyəvi kinetika və kataliz” və “Yüksəkmolekullu birləşmələrin kimyası” – elmlər doktoru alimlik dərəcəsi verən İxtisaslaşdırılmış şuranın sədri olmuşdur.
İlk monoqrafiyanı gənc ikən 1959-cu ildə görkəmli akademiklərlə – A.V.Topçiyev və M.F.Nağıyevlə birlikdə nəşr etdirmişdir. “Müasir sintetik materialların istehsalında neftin əhəmiyyəti” adlanan bu kitab SSRİ Elmlər Akademiyasının nəşriyyatında buraxılmışdır, sonralar kitab Azərbaycan dilinə də tərcümə olunmuşdur.
T.Şahtaxtınskinin dünyanın ən iri elmi nəşriyyatlarından biri olan “Perqamon Press” tərəfindən 1962-ci ildə buraxılmış kitabı “Neftdən sintetik materiallar” adlanır. Bu kitab Londonda ingilis dilində çapdan çıxmışdır. 1980-ci ildə onun ingilis dilində “C4 karbohidrogenləri və onların sənaye törəmələri” adlı daha bir kitabı çapdan çıxır. Kitab Londonda “Ernst Ben LTD” nəşriyyatında buraxılmışdır. Onun əsərləri elmi ictimaiyyətə yaxşı tanışdır, onlar qabaqcıl Beynəlxalq və Ümumittifaq jurnallarda, İngiltərə, ABŞ, Almaniya, Macarıstan, Rumıniyada və s. çap olunmuşdur.
O, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.
T.Şahtaxtınski 500 elmi əsərin, o cümlədən 120-dən çox ixtira və patentin, 12 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 12 elmlər doktoru və 48 fəlsəfə doktoru hazırlanmışdır.
1975-2010-cu illərdə “Azərbaycan kimya jurnalı”nın baş redaktoru olmuşdur.
T.Şahtaxtınski dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.
T.Şahtaxtınski elmin inkişafındakı nailiyyətlərinə görə “Şərəf nişanı”, “Xalqlar Dostluğu”, “Şöhrət”, “İstiqlal” ordenləri, “Fədakar əməyə görə” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş və Azərbaycan SSR-in “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Toğrul Şahtaxtınski 2010-cu ildə Bakı şəhərində vəfat etmişdir.