GÖRKƏMLİ ALİMLƏR

Görkəmli fizik alim

Görkəmli fizik alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947-1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasında, Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri olmuşdur. O, 1973-2002-ci illərdə Fotoelektronika İnstitutunda şöbə müdiri, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, 2013-cü ildən ömrünün sonunadək isə eyni zamanda İnformasiya sektorunun rəhbəri işləmişdir. Çingiz Qacar 2009-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Çingiz Qacar 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini almışdır. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Çingiz Qacar molekulyar spektroskopiya və tətbiqi fizika üzrə nəzəri və təcrübi əhəmiyyətli tədqiqatları ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermişdir. Alim 50-dən artıq patent və müəlliflik şəhadətnaməsinin, ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu nəşrlərdə işıq üzü görmüş 250-dən çox elmi əsərin, o cümlədən bir çox dəyərli monoqrafiyaların müəllifidir. Çingiz Qacarın uzun illər ərzində apardığı fundamental elmi araşdırmaların nəticələrindən lazer fizikası, atmosferin lokal və məsafədən zondlanması, ulduzlararası fəzada molekulların axtarılması, eləcə də bir sıra digər sahələrdə uğurla istifadə edilmişdir. Alimin rəhbərliyi altında işlənib hazırlanan yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində geniş tətbiq olunmuşdur.

Ç.Qacar ilk dəfə biratomlu spirtlərin çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturlarını və dipol momentlərini araşdırıb. Bundan başqa, akademik etilmerkaptanın, etilftoridin və allil spirtin molekullarının fırlanan mikrodalğalı spektrlərini də öyrənib. Alim ilk dəfə öyrənilən molekulların energetik sistemlərində üç-dörd qatlı fırlanan titrəyişli ikiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonanslarını tədqiq edib.

Çingiz Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə fizika üzrə 30-dək fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Çingiz Qacar həm də Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinə dair əsərlərin müəllifi kimi tanınırdı.

Akademik Çingiz Qacarın səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

2021-ci il iyunun 12-də ömrünün 93-cü ilində vəfat etmişdir.