Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Quliyev Əli Musa oğlu 31 may 1912-ci ildə Gəncə şəhərinin Bağbanlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş (1939), Dövlət imtahan komissiyasının qərarı ilə üzvi kimya kafedrasında assistent vəzifəsində saxlanılmışdır.
O, 1944-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin) alınması” mövzusunda namizədlik, 1951-ci ildə “Sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran aşqarların sintezi, tədqiqi və tətbiqi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1951-ci ildə professor elmi adını almışdır. 1958-ci ildə AEA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir.
Ə.Quliyev 1937-ci ildə AzETNİ-də elmi fəaliyyətə başlamış, Yağlar və aşqarlar laboratoriyasının rəhbəri olmuşdur (1945-1965). 1965-1967-ci illərdə o, AEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi kimi fəaliyyət göstərmiş, 1965-ci ildə təşkil edilmiş, keçmiş SSRİ-də aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və 1987-ci ilə kimi fasiləsiz direktoru olmuşdur. 1992-ci ildə instituta onun adı verilmişdir.
Ə.Quliyev üzvi kimya və neft kimyası sahəsində görkəmli alim, neft kimyasının yeni sahəsi – sürtkü yağları, yanacaqlar və xüsusi mayelərin istismar keyfiyyətini yaxşılaşdıran aşqarların və onların əsasında yüksəkkeyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılması və sənayedə tətbiqinin keçmiş SSRİ-də əsasını qoyanlardan biri olmuşdur.
Onun rəhbərlik etdiyi illər ərzində institut aşqarlar kimyası sahəsində mühüm nailiyyətlər qazanmışdır: yüksək təsirli yeni aşqarlar və müxtəlif növ sürtkü yağları, o cümlədən xüsusi təyinatlı sürtkü yağları və xüsusi mayelər yaradılmış və tətbiq edilmişdir. Strateji əhəmiyyətli bu yağlar hazırda da respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Ə.Quliyev 600-dən çox elmi əsərin, o cümlədən 200-ə yaxın ixtira və 10 monoqrafiyanın müəllifidir. “Химия и технология присадок к смазочным маслам и топливам” kitabı 1972-ci ildə Moskvada və genişlənmiş variantı 1985-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunmuş, 1972-ci il nəşri həmin illərdə macar və slovak dillərinə tərcümə edilmişdir.
Ə.Quliyev aşqarlar kimyası sahəsində elmi məktəb yaratmış və onun rəhbərliyi ilə 19 elmlər doktoru, 60-dan çox fəlsəfə doktoru hazırlanmışdır.
SSRİ Elmlər Akademiyası, SSRİ Nazirlər Soveti Dövlət Elm-Texnika Komitəsi və SSRİ Neft-Kimya və Neft Emalı Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərmiş şuraların üzvü olmuşdur.
Ə.Quliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Qırmızı əmək bayrağı” (2 dəfə) və “Şərəf nişanı” ordeni, Böyük Vətən müharibəsi illərindəki fəaliyyətinə görə medallar və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (5 dəfə) ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adına, SSRİ (2 dəfə) və Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
Akademik Əli Quliyev 1989-cu ildə Bakı şəhərində vəfat etmişdir.