Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Qarayev Qara Əbülfəz oğlu
Qarayev Qara Əbülfəz oğlu 5 fevral 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biridir.
1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə, 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə, 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. Azərbaycan xalq musiqisinin əsaslarından Üzeyir Hacıbəylinin, bəstəkarlıqdan isə Leopold Rudolfun sinfində təhsil almışdır. 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. 1938-1946-cı ildə Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının (bəstəkarlıq üzrə Dmitri Şostakoviçin sinfi) tələbəsi olmuşdur.
1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti sədrinin müavini, 1948-ci ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. 1949-cu ildə AEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi bölməsinin rəhbəri, 1950-1953-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru, SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət Mükafatları üzrə Komitənin üzvü, 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, 1954-1982-ci illərdə SSRİ Lenin və Dövlət Mükafatları Komitəsinin üzvü, 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, 1957-ci ildə SSRİ Kinematoqraf İşçiləri İttifaqının üzvü, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, 1955-1976-cı illərdə SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Q.Qarayev 1959-cu ildə AEA-nın həqiqi üzvü seçilmişdir.
“Vətən” (Cövdət Hacıyevlə birgə, 1945) və “Zəriflik” (1972) adlı operaların, “Yeddi gözəl” (1952), “İldırımlı yollarla” (1958) baletlərinin, “Azərbaycan süitası” (1939), “Leyli və Məcnun” simfonik əsərlərinin (1968), “Alban rapsodiyası” (1952), “Klassik süita” (1966), skripka ilə orkestr üçün konsert (1970), vokal əsərlər, kinofilmlər və teatr tamaşalarına musiqilər və başqa əsərlərin müəllifidir.
Azərbaycan Respublikasının “Əməkdar İncəsənət Xadimi” (1955), SSRİ “Xalq artisti” (1959), Azərbaycan SSR “Xalq artisti” (1958) fəxri adlarına layiq görülmüşdür. “İldırımlı yollarla” baletinə görə “Lenin” (1967), “Vətən” operasına görə 2-ci dərəcəli “Stalin” (1946), “Leyli və Məcnun” poemasına görə 2-ci dərəcəli “Stalin” (1948), “Antoni və Kleopatra” tamaşasına yazdığı musiqiyə görə Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Mükafatı (1965), “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə Ümumittifaq Sovet filmləri festivalı (1957), “Uzaq sahillərdə” filminin musiqisinə görə “Ümumittifaq kino festivalında II mükafat” (1959) laureatı olmuşdur. “Lenin” (1967), “Oktyabr inqilabı” (1971), “Qırmızı əmək bayrağı” (1961) ordenləri, “Qafqazın müdafiəsinə görə” (1944) və “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” (1946) medalları ilə təltif edilmişdir.
Akademik Qara Qarayev 1982-ci ildə Moskva şəhərində vəfat etmişdir.