GÖRKƏMLİ ALİMLƏR

Ağır ürək-damar əməliyyatları ilə bir çox soydaşımıza ikinci həyat bəxş edən həkim-cərrah

Ağır ürək-damar əməliyyatları ilə bir çox soydaşımıza ikinci həyat bəxş edən həkim-cərrah

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Mahmudov Rəşad Məmmədqulu oğlu 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olmuşdur.

1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxumuşdur. 1991-1997-ci illərdə 9 Eylül Universitetinin Tibb fakültəsində ali təhsil almışdır. 1997-2003-cü illərdə Türkiyə Respublikası Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxumuşdur. 2003-cü ildə Türkiyə Respublikası Ege Universitetində Uzmanlıq Diplomu müdafiə etmişdir.

2006-cı ildə tibb elmləri namizədi, 2007-2015-ci illərdə isə doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.

1997-2004-cü illərdə Türkiyə Respublikası Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində, 2004-2005-ci illərdə isə Türkiyə Respublikası Kent xəstəxanasında ürək-damar cərrahı işləmişdir. 2005-2017-ci illərdə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı, 2017-2018-ci illərdə isə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Elmi Tədqiqat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2018-ci ildən hal-hazıra qədər Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir.

1999-cu ildə Türkiyədə çap olunmuş “Aort cərrahiyəsi” kitabının və 2014-cü ildə İtalyada çap olunmuş “Trikuspid Qapaq Cərrahiyyəsi” kitabının həmmüəllifdir. 2005-ci ildə xaricdə keçirilən 50-dən çox beynəlxalq konfransda iştirakçı olmuşdur. 2006-cı ildən etibarən R.Mahmudov Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 40-dan çox beynəlxalq, regional konfransların təşkilinə rəhbərlik etmiş və 35-dən çox elmi məqalələrin tərtibatçısı olmuşdur.

7 sentyabr 2005-ci il tarixində dövrün Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Fəxrəddin Cavadovun təşəbbüsü, onun bilavasitə təşkilatçılığı və rəhbərliyi altında, habelə Raşad Mahmudovun, MNX-nın həkim-cərrahı Qulam Rüstəmzadənin yaxın iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Kardiovaskulyor Cərrahlar Assosiasiyası” təsis edilmişdir. Bu Assosiyasıyanın sədri vəzifəsinə də o zaman doktor Rəşad Mahmudov seçilmişdir. Daha sonra 2010-cu ildə həmin İctimai Birliyin adı dəyişdirilərək “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” adlandırılmışdır.

2015-ci il Azərbaycan Respublikası Milli Məclis (V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir. 2020-ci il Azərbaycan Respublikası Milli Məclis (VI çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir. 2024-cü il Azərbaycan Respublikası Milli Məclis (VII çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 79 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir. 2024-cü il oktyabrın 8-də Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı, “Əməkdar Həkim” fəxri adı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunmuşdur.