Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Qarayev Abdulla İsmayıl oğlu
Qarayev Abdulla İsmayıl oğlu 14 yanvar 1910-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Təbiət bölməsini (1930), Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1936).
A.Qarayev 1937-ci ildə “Əzələlərin elektrogenezində karbohidratların əhəmiyyəti” mövzusunda tibb elmləri üzrə namizədlik, 1938-ci ildə “Diafraqmanın fiziologiyasına dair” mövzusunda biologiya elmləri üzrə namizədlik, 1940-cı ildə “Bioelektrik hadisələrin nəzəriyyəsinə dair” mövzusunda tibb elmləri üzrə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor elmi adını (1941) almış, AEA-nın həqiqi üzvü seçilmişdir (1949).
A.Qarayev Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəzdində yaradılan laboratoriyaya rəhbərlik etmiş (1938), Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrasının professoru, Azərbaycan Dövlət Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasının müdiri (1940-1950), universitetin elmi hissə üzrə prorektoru (1942-1944) və rektoru vəzifələrində çalışmışdır (1944-1950). Alim AEA-nın Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin akademik-katibi işləmiş (1952-1956), Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri olmuşdur (1961-1963).
A.Qarayev Azərbaycanda eksperimental fizioloji istiqamətin yaradıcısı olmuş və bu elmi məktəbin əsasını qoymuşdur. Alimin səyi və rəhbərliyi ilə AEA-da Zoologiya İnstitutunun Fiziologiya şöbəsi (1953) əsasında Fiziologiya sektoru yaradılmış (1956), sonralar (1968) onun bazasında Fiziologiya İnstitutu təşkil edilmiş və A.Qarayev direktor təyin olunmuşdur (1953-1968). İnstitut hazırda akademik Abdulla Qarayevin adını daşıyır.
A.Qarayevin əsas elmi fəaliyyəti əzələ və sinir toxuması potensiallarının maddələr mübadiləsinin sulukarbonlar mübadiləsinin vəziyyətindən asılılıq probleminin araşdırılması və özünütənzim mexanizmində iştirakının fiziologiyası və neyrokimyasının öyrənilməsi olmuşdur. Onun subliminal qıcıqların yayılmasına dair əldə etdiyi dəlillər M.V.Lomonosov adına MDU-nun Fiziologiya kafedrası tərəfindən tərtib olunan dərsliklərə daxil edilmişdir (1935). 1941-1945-ci illərdə A.Qarayev Naftalan neftinin yanıq və yaraların sağalmasına təsirini öyrənmiş, onun yarasağaldıcı və ağrıkəsici maddə kimi təbabətdə istifadəsini təklif etmişdir. Nəzəri fiziologiya sahəsində daxili analizatorların maddələr mübadiləsinin tənzimi mexanizmində iştirakına, beynin torabənzər törəmələrinin fiziologiyası və neyrokimyasına dair fundamental tədqiqatları alimə keçmiş SSRİ məkanında böyük nüfuz qazandırmışdır.
A.Qarayev 7 monoqrafiyanın, 300-dən artıq elmi məqalənin, çoxsaylı dərslik və dərs vəsaitinin müəllifi olmuşdur. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 14 elmlər doktoru və onlarla fəlsəfə doktoru hazırlanmışdır.
A.Qarayev Bakı Sovetinin deputatı (1948), Azərbaycan Bilik cəmiyyətinin sədr müavini (1948-1968), Ümumittifaq Fizioloqlar cəmiyyətinin Azərbaycan bölməsinin sədri (1951-1968) olmuşdur.
Alim “Azərbaycanın əməkdar həkimi” (1940), “Əməkdar elm xadimi” (1943) fəxri adlarına layiq görülmüş, “Qırmızı ulduz” (1944), “Qırmızı əmək bayrağı” (1946, 1954, 1967) ordenləri və “Qafqazın müdafiəsi uğrunda” (1946), “Böyük Vətən müharibəsindəki fədakar əməyə görə (1941-1945-ci illər)” medalları ilə, “İ.M.Seçenov adına Fəxri medal”la təltif olunmuş, Azərbaycan fizioloqları içərisində ilk dəfə Beynəlxalq Beyin Tədqiqatı təşkilatına üzv seçilmişdir.
Akademik Abdulla Qarayev 1968-ci ildə Bakı şəhərində vəfat etmişdir.