Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Bağır Əli oğlu Bağırov 12 avqust 1936-cı ildə Masallı rayonunun indiki Ərkivan qəsəbəsində müəllim ailəsində anadan olub.
O, orta təhsilini Ərkivan qəsəbəsində, daha sonra isə Masallı şəhər 1 saylı orta məktəbində alıb. 1953-cü ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-Kəşfiyyat fakültəsinə daxil olub. O, 1958-ci ildə Balaxanı neft mədənlər idarəsinə işə qəbul edilib. Həmin zaman alim neft geologiyası elminə böyük maraq göstərdiyindən, geologiya-mineralogiya üzrə elmlər doktoru Həsən Əhmədov onu elmi tədqiqat işlərinə cəlb edib. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi adına layiq görülüb.
Geoloq 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Dəniz Neft-Qaz Yataqlarının Problemləri İnstitutunda işləməyə başlayıb. Onun elmi fəaliyyəti Azərbaycanın uzun müddət işlənilən neft yataqlarının ehtiyatlarından səmərəli istifadəsi ilə əlaqədar olub. Alimin elmi əsərləri SSRİ-də və bir çox xarici ölkələrdə dərc olunub. Bir neçə əsəri SSRİ Elmlər Akademiyası tərəfindən ən mühüm nəticə kimi qiymətləndirilib. 1984-cü ildə Moskva şəhərində İ.M.Qubkin adına İnstitutda “Neft yataqlarının işlənilmə effektivliyinin artırılmasının geoloji əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Alim 1989-cu ildə Azərbaycan Neft Akademiyasının Neft-qaz mədən geologiyası kafedrasında çalışıb. O, Yəmən, Əfqanıstan, Vyetnam və digər ölkələr üçün elmi kadrlar hazırlayıb.
1990-cı ildə professor, 2002-ci ildə isə mineralogiya elmləri doktoru adı verilib. O, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Bağır Bağırov 300-dən artıq elmi işin müəllifidir. Onun “Azərbaycanın dəniz-neft yataqlarının geologiyası və istismarı problemləri” monoqrafiyası alimi dünyaya tanıdıb.
Çexiya, Macarıstan, Çin, Səudiyyə Ərəbistanı, İngiltərə və digər ölkələrdə keçirilmiş konfrans və simpoziumlarda çıxış edib. O, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin prezidenti, həmçinin Amerika Neftçi Geoloqlar cəmiyyətinin və Avropa Geoloji mühəndislər birliyinin üzvüdür. Bundan əlavə o, 1984-cü ildən “UNESCO”-nun Riyazi Geoloqlar Cəmiyyətinin də üzvüdür.