GÖRKƏMLİ ALİMLƏR

13 yaşında tələbə olan dahi azərbaycanlı

13 yaşında tələbə olan dahi azərbaycanlı

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Konstantin Vladimiroviç Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. Ana tərəfdən azərbaycanlı köklərə malikdir. Sovet dövründə beş yaşında birinci sinfə gedib.

1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda (ABŞ) ümumi cərrahiyə üzrə təcrübə keçmişdir.

1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür.

Konstantin Slavin hazırda tanınmış neyrocərrah, İllinoys Universitetinin professoru və Dünya Stereotaktik və Funksional Neyrocərrahiyyə Cəmiyyətinin prezidentidir.

Karyerası ərzində o, 10 mindən çox unikal əməliyyat keçirib.

Slavinin karyerasında Ulu Öndər Heydər Əliyev unikal rol oynayıb. Onun sözlərinə görə, Tibb İnstitutunda ən gənc tələbə olduğu üçün təhsil müəssisəsi onu qəbul etməkdən çəkinib.

“Bu məsələdə Heydər Əliyevin böyük rolu olub. Heydər Əliyev mənim inkişafımın bir çox mərhələlərində iştirak edib. Mən bunu o illərdə dərk etmirdim. Onu iki dəfə görmüşəm. İlk dəfə birinci sinifdə Siyasi Büro üzvlərinə gül təqdim edəndə, ikinci dəfə onunla tibb tələbəsi kimi səhnədən danışdım. Yadımdadır, o, mənə o qədər maraqla baxırdı ki…”, mətbuata açıqlamasında bildirib.

İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifələrdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.

Slavin ABŞ-da yaşasa da Azərbaycanı unutmur. İldə bir neçə dəfə Bakıya gəlir.

“Valideynlərim, dostlarım, qohumlarım hələ də Bakıda yaşayırlar. Fəxr edirəm ki, bakılıyam, bizim ailə həmişə Azərbaycan adət-ənənələrinə sadiq olub. Təbii ki, indi paytaxt başqa cür görünür: fərqli imic və yeni prioritetlər var. Amma mənim üçün həmişə uşaqlığımla bağlı olacaq. Azərbaycanda həmişə dəyişməz qalan insanların mehribanlığı və qonaqpərvərliyidir. Bakı mənim evimdir, doğma şəhərimdir. Mən Azərbaycan vətəndaşı və vətənpərvər olaraq qalıram”, - o bildirib.