Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Qasımov Rafiq Yunis-Əli oğlu
Qasımov Rafiq Yunis-Əli oğlu 26 iyun 1931-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini (1954), SSRİ EA-nın İ.P.Pavlov adına Fiziologiya İnstitutunun aspiranturasını (1958) bitirib. O, 1958-ci ildə “Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər” mövzusunda namizədlik, 1970-ci ildə “Erkən ontogenezdə nərəkimilərin davranışının müqayisəli öyrənilməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, professor elmi adını almış (1974), AEA-nın müxbir üzvü (1983) seçilmişdir.
R.Qasımov SSRİ EA-nın Fiziologiya İnstitutunda kiçik elmi işçi (1958-1960), Kür Eksperimental Nərə Balıqartırma zavodunda (1960-1965) və Mərkəzi ET Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri olub (1965-1974). AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri (1974-2013), baş elmi işçi (2013-2023) vəzifələrində çalışıb.
R.Qasımovun əsas elmi istiqaməti nərəkimilərin müxtəlif yaş qruplarında mühitdən asılı olaraq qida, müdafiə və s. davranış reaksiyalarının formalaşmasının tədqiqi olub. Bu tədqiqatların nəticəsində Kür nərəkimilərinin 4 növünün müxtəlif yaş qruplarının zavod şəraitində çoxaldılması və böyüdülməsi üçün optimal temperatur, duzluluq, oksigen, işıq şəraiti müəyyən edilib. Şərti reflekslərin yaranmasının klassik üsulunu tətbiq edərək, bioloji uyğun üsul və şərti qıcıqlandırıcılar seçməklə nərəkimilərdə qida və mühafizə reflekslərinin çox tez yaradılmasının mümkün olduğunu göstərib, bu balıqların sinir proseslərinin hərəkətlilik və müvazinətliyinə görə digər daha yüksək təşkil olunmuş heyvanlardan geri qalmadığını sübut edib. Alimin elmi nəticələri nərəkimilərin bioloji tərəqqisi nəzəriyyəsinin yaradılmasında mühüm rol oynayıb. Neft və digər kimyəvi çirkləndiricilərin su orqanizmlərinin fizioloji funksiyalarına təsiri də öyrənilib.
R.Qasımov 330 elmi əsərin, o cümlədən 6 monoqrafiya və 1 dərsliyin müəllifidir. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 33 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.
R.Qasımov SSRİ EA-nın Fiziologiya Bölməsinin “Ali sinir fəaliyyətinin və davranışın genetikası” problemi üzrə komissiya sədrinin müavini (1985-1990), SSRİ İxtioloji Komissiyasının Əlaqələndirmə şurasının sədr müavini (1974-1990), həmin Komissiyanın Elmi şurasının üzvü, “Təkamülün biokimyası və fiziologiyası” jurnalının (Rusiya) redaksiya heyətinin üzvü (1986-1992), SSRİ AAK-nın Fiziologiya üzrə Ekspert şurasının üzvü olmuşdur (1988-1989). Alim Beynin Öyrənilməsi üzrə Beynəlxalq Təşkilatın (1999-2010), Xəzər dənizinin problemləri üzrə Elmi şuranın (1991-1996), Bioloji Ehtiyatlar Komissiyasının üzvüdür. O, “BP Azerbaijan” şirkətində ekologiya üzrə müstəqil ekspertdir. Fiziologiya İnstitutunda Dissertasiya şurasının (2010-2014) sədri, AMEA Veteranlar Şurasının sədri (2010-2019) olmuşdur. 2020-ci ildən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının üzvüdür.
R.Qasımov “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Bürünc medalı” (1989), “Akademik H.Ə.Əliyev adına medal” (1996) və “Leypsiq yarmarkasının Böyük Qızıl medalı” (ADR) (1982), üç dəfə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 2023-cü ildən Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvüdür.