Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Mirzəcanzadə Azad Xəlil oğlu
Mirzəcanzadə Azad Xəlil oğlu 29 sentyabr 1928-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Sənaye İnstitutunu dağ mühəndisi ixtisası üzrə bitirmişdir (1949).
O, 1951-ci ildə “Gilli məhlulların hidravlikasının elementləri” mövzusunda namizədlik, 1957-ci ildə “Özlü plastik və özlü mayelərin hidromexanikası məsələləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1959-cu ildə professor elmi adını almış, 1969-cu ildə AEA-nın həqiqi üzvü seçilmişdir.
A.Mirzəcanzadə ADU-nun Nəzəri mexanika kafedrasında dosent, professor (1952-1960), ASİ-də kafedra müdiri (1962-1977), SSRİ EA-nın Mexanika Problemləri İnstitutunda şöbə müdiri (1969-1975), Ufa Neft İnstitutunda kafedra müdiri (1988-1990) vəzifələrində çalışmışdır. 1992-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, 1993-2003-cü illərdə Elm və Texnika Komitəsinin sədri olmuş, Azərbaycan Patent Agentliyinin əsasını qoymuşdur.
Alim ilk dəfə olaraq, qazkondensat və qeyri-Nyuton neftli yataqların nəzəri əsaslarını yaratmış, qazkondensat sistemlərin süzülməsi üçün əsas diferensial tənlik çıxarmışdır. O, qeyri-Nyuton sistemlərin neftqazçıxarma sənayesində tətbiqi və “reotexnologiya” kimi istiqamətlərin yaradıcısıdır.
İlk dəfə olaraq göstərmişdir ki, qaz və qazkondensat yataqların işlənməsində başlanğıç hərəkət üçün lazım olan təzyiqlər fərqi çox zəruri parametrdir və bu fundamental nəticə lay ehtiyatlarının hesablanmasında geniş istifadə olunur. Bir çox neftlərdə özlü-elastiklik xüsusiyyətlərinin olmasını göstərərək belə neftlərin çıxarılmasının nəzəri və praktiki əsaslarını yaratmışdır. Özlü-plastik mayelərin süzülməsinin fenomenoloji nəzəriyyəsini işləyib hazırlamış, belə neftlərin çıxarılması və nəqli ilə əlaqədar bir çox məsələləri həll etmişdir.
İlk dəfə olaraq çətin şəraitdə quyuların keçirilməsində hidrodinamik əsaslar işləyib hazırlamışdır. Tədqiqatları nəticəsində, quyuların qazılmasında mürəkkəbləşmələrin qabaqcadan xəbər verilməsi kimi praktiki təkliflərin, fiziki-kimyəvi mexanikanın, riyazi modelləşdirmənin, bir çox riyazi statistik metodların, oyunlar nəzəriyyəsinin və qərar qəbuletmənin, avtomatik idarə və öz-özünə yaranma və s. kimi bir çox nəzəriyyələrin neftqazçıxarma sənayesində tətbiqinin təşəbbüskarı olmuşdur. Son tədqiqatlarının əsas elmi istiqamətləri neft-qaz yataqlarının sinergetik və dinamik analizinə həsr edilmişdir. Bu istiqamət üzrə “Layların neftvermə proseslərinin diakoptikası”, “Neft-qaz çıxarmada dinamik proseslər”, “Dəniz neft-qaz yataqlarının işlənməsinin fraqmentləri”, “Qazçıxarmanın texnika və texnologiyası” və başqa kitab və monoqrafiyaları çap olunmuşdur.
A.Mirzəcanzadə 500-ə yaxın elmi məqalə və 50-dən çox ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 250-dən çox fəlsəfə doktoru və 100-dən çox elmlər doktoru hazırlanmışdır.
O, Rusiya Təbiət Elmləri Akademiyasının, Başqırdıstan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Alim iki dəfə Azərbaycan Dövlət Mükafatı (1976, 1986), üç dəfə “Akademik İ.M.Qubkin” adına mükafatın laureatı olmuş (1975, 1982, 1985), P.Kapitsa adına medal, Vyetnam Respublikasının “Vyetnamın Qəhrəmanı” qızıl ulduzu, Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Akademik Azad Mirzəcanzadə 2006-cı ildə Bakı şəhərində vəfat etmişdir.