Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Fərzəliyev Vaqif Məcid oğlu 19 dekabr 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1963).
O, 1968-ci ildə “Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə “Sürtkü yağlarına yüksək təsirli, tərkibində kükürd olan aşqarların işlənilməsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1987-ci ildə professor elmi adını almışdır. AMEA-nın müxbir üzvü (2001), həqiqi üzvü (2007) və Gürcüstan MEA-nın xarici üzvü (2022) seçilmişdir.
V.Fərzəliyev əmək fəaliyyətinə AEA-nın Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi vəzifəsində başlamış, 1987-ci ildən institutun direktoru, 2021-ci ildən baş direktorudur. 2007-ci ildə o, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi və AMEA Rəyasət Heyətinin üzvü, 2008-2013-cü illərdə AMEA-nın akademik-katibi, 2018-2019-cu illərdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır.
V.Fərzəliyev neft kimyası və üzvi kimya sahəsində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların sintezi və onların əsasında yüksəkkeyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənilməsi təşkil edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra aşqarlar və sürtkü yağları, o cümlədən xüsusi təyinatlı yağlar sənayedə tətbiq edilmişdir.
V.Fərzəliyev kombinə təsirə malik antioksidantların işlənilməsinin elmi əsaslarını yaratmış, yeyilməyə və siyrilməyə qarşı kükürdlü aşqarların sintezi və təsir mexanizminin öyrənilməsi, sürtkü yağlarına çoxfunksiyalı polimer aşqarların sintezi, sintetik sürtkü kompozisiyalarının işlənilməsi sahəsində böyük həcmli elmi-tədqiqat işləri aparmışdır.
V.Fərzəliyevin bilavasitə rəhbərliyi ilə yaradılmış “Depressator – AKİ” aşqarı yüksək parafinli neftlərin Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur.
V.Fərzəliyevin rəhbərliyi ilə ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının unikal regenerasiya texnologiyası işlənib hazırlanmış və regenerasiya məhsulu əsasında bir sıra sürtkü kompozisiyalar yaradılmışdır.
Onun bilavasitə rəhbərliyi ilə Bakı neft emalı zavodlarının fəaliyyəti nəticəsində əmələ gəlmiş və həddindən artıq ekoloji gərginlik yaratmış turş qudronun emal məhsulundan istifadə edilərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavə yaradılmış və istehsalatda tətbiq edilmişdir.
V.Fərzəliyevin ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəlmiş elmi-tədqiqat işləri nəticəsində yüksəkkeyfiyyətli xüsusi təyinatlı motor yağları yaradılmış, sənaye istehsalı təşkil edilmişdir.
V.Fərzəliyev “Fizioloji fəal birləşmələrin sintezi və tədqiqi” elmi istiqamətinin rəhbəri kimi də böyük elmi uğurlar əldə etmişdir.
V.Fərzəliyev 950-dən artıq elmi əsərin, o cümlədən 180-ə yaxın müəlliflik şəhadətnaməsi və patent, 4 monoqrafiya, bir Türkiyədə çap olunan monoqrafiyaya daxil edilən 1 fəsil və 1 kitabın müəllifidir. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. Bir çox beynəlxalq konfrans, simpozium və konqresdə məruzə ilə çıxış etmişdir. Beynəlxalq (CRDF, STCU) və respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.
V.Fərzəliyev aşqarlar və sürtkü yağları sahəsində SSRİ Elmlər Akademiyasının məsləhətçisi kimi İraq Neft İnstitutunda və UNESCO-nun məsləhətçisi kimi Hindistan Neft İnstitutunda çalışmışdır. Onun rəhbərliyi ilə 7 elmlər doktoru və 29 fəlsəfə doktoru hazırlanmışdır.
O, 1982-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Kimya fakültəsində dəfələrlə Dövlət imtahan komissiyasının sədri olmuşdur.
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdindəki elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşmış şuranın sədri, “Kimya Problemləri” jurnalının baş redaktoru, “Elm dünyası” və “Neft emalı və neft kimyası” jurnalının baş redaktorunun müavini, “Azərbaycan kimya jurnalı”nın redaksiya heyətlərinin üzvüdür. Akademik Vaqif Fərzəliyev, həmçinin, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının “Neft kimyası” Elmi şurasının və Böyük Britaniyanın Oksford Akademik Birliyinin üzvüdür.
V.Fərzəliyev “V.İ.Leninin 100 illik yubileyi”, “Əməkdə fərqlənməyə görə”, “Əmək veteranı”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi” və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı, “Şöhrət” və “Şərəf” ordeni, “Əməkdar elm xadimi” fəxri adı, Azərbaycan Respublikasının Dövlət Mükafatı, “Akademik Yusif Məmmədəliyev” adına mükafat, dəfələrlə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir. Rusiya Elmlər Akademiyasının təsis etdiyi “Akademik N.M.Emanuelin xatirəsi” medalı və diplomla, Avropa Birliyi Elm-Sənaye Palatasının “Qızıl” medalı və diplomla, Türkiyənin Firat Universitetinin və Hindistan Texnoloji İnstitutunun xatirə medalı ilə mükafatlandırılmışdır.