Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Yusifzadə Xoşbəxt Bağı oğlu
Yusifzadə Xoşbəxt Bağı oğlu 14 yanvar 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini Dağ mühəndisi-geoloq ixtisası üzrə bitirmişdir.
X.Yusifzadə 1960-cı ildə “Neft quyularının və layların tədqiqatı və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik, 1987-ci ildə “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2005-ci ildə professor elmi adını almış, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
X.Yusifzadə əmək fəaliyyətinə 1952-ci ildə keçmiş SSRİ Neft Sənayesi Nazirliyi Dövlətxüsusineftlayihə təşkilatının Bakı filialında başlayaraq, 1954-cü ildə Gürganneft trestinin (indiki “Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu, 1958-1963-cü illərdə “Neft Daşları” Mərkəzi elmi- tədqiqat və istehsalat işləri sexinin baş geoloqu və rəisi, Sov.İKP-nin XXII qurultayı adına neft mədənləri idarəsi rəisinin müavini – baş geoloq, 1963-1970-ci illərdə “Başdənizneft” İdarəsində baş geoloq müavini – şöbə rəisi, “Dənizneft” İB geoloji-kəşfiyyat şöbəsinin rəisi–baş geoloqun müavini olmuşdur. 1970-1992-cı illərdə Xəzərdənizneftqaz İB-nin baş direktor müavini, 1992-1994-cü illərdə Azərineft Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən ömrünün sonunadək ARDNŞ-nin birinci vitse-prezidenti olmuşdur.
X.Yusifzadənin elmi fəaliyyətinin əsasını dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin aktual problemləri, onların həll olunmasının metod və prinsipləri təşkil edir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzərdə 20-dən artıq neft və qaz yatağı, o cümlədən məşhur “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Ümid”, “Abşeron”, “Kəpəz” yataqları kəşf olunmuş və istismara daxil edilmişdir.
X.Yusifzadə 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiya və 8 ixtiranın müəllifi idi. Onun rəhbərliyi ilə 3 fəlsəfə doktoru hazırlanmış, 2 elmlər doktorluğu dissertasiyasının məsləhətçisi olmuşdur.
X.Yusifzadə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü və Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri üzvü, Rusiya Təbiət Elmlər Akademiyasının xarici üzvü, ADNSU-nun fəxri professoru, geoloq və geofiziklərin milli, eləcə də beynəlxalq assosiasiyalarının üzvü, bir sıra elmi jurnalların və Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü olmuşdur.
X.Yusifzadə keçmiş SSRİ-nin iki “Qırmızı əmək bayrağı” (1963, 1976), “Şərəf nişanı” (1971), iki dəfə Azərbaycan Respublikasının Dövlət Mükafatı (1982, 1991), müstəqil Azərbaycanın “İstiqlal” (2000), “Şöhrət” (2004) ordenləri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının “Qızıl Ulduz Medalı” (2008), UNESCO-nun xüsusi medalı (2010), “Şərəf” (2010), Vyetnam Sosialist Respublikasının “Dostluq” (2011) ordenləri, “Türk Dünyasının Fəxri Alimi” (2011) adı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2015), 1-ci dərəcəli “Əmək” ordeni (2017), “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” (2018), Azərbaycan Respublikasının “Heydər Əliyev” mükafatı (2019), Azərbaycan Respublikasının “Heydər Əliyev” (2020) ordeni ilə təltif olunmuş, adı beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilmiş, akademik X.Yusifzadə adına təqaüd təsis edilmişdir.
Akademik Xoşbəxt Yusifzadə 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir.