GÖRKƏMLİ ALİMLƏR

Tenzor operatorlar nəzəriyyəsi üçün lift metodunu yaradan alim

Tenzor operatorlar nəzəriyyəsi üçün lift metodunu yaradan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Səlimov Arif Ağacan oğlu 1956-cı ildə Ağsu şəhərində anadan olub.

1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirib və 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olub.

1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışıb, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin əyani aspiranturasında “həndəsə və topologiya” ixtisası üzrə təhsil alıb. 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib. 1983-1999-cı illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ilin sentyabr ayında Kazan Dövlət Universitetində “həndəsə və topologiya” ixtisası üzrə doktorluq dissertasıyasını müdafiə edib.

Arif Səlimov Azərbaycanda “həndəsə və topologiya” ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib olan yeganə elm adamıdır.

2017-ci ildən Bakı Dövlət Universitetinin “Cəbr və Həndəsə” kafedrasının müdiri vəzifəsində çalışır.

Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir. 14 tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. 50-dən çox beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. 100-dən çox elmi əsəri vardır. Bunlardan 55-i ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, Fransa, İtaliya, Hollandiya, Polşa, Türkiyə və s. ölkələrin SCI-Exp (Clarivate Analytics) indeksli nüfuzlu elmi jurnallarında çap olunub.

Arif Səlimovun “Tensor operators and their applications” adlı kitab-monoqrafiyası ABŞ-ın nüfuzlu “Nova Science Publishers, Inc., New York” elm nəşriyyatının “Mathematics Research Developments” seriyasında çap edilib. O, 1995-2017-ci illərdə Türkiyənin Atatürk Universitetində müqavilə ilə professor vəzifəsində çalışıb.

Layihə rəhbəri olduğu 4 layihəsi (TBAG-105T551, TBAG-108T590, MFAG-112T111, MFAG-116F230) Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK-ın) qrantlarını alıb.

Onun “Tensor operators and their applications” adlı kitabı 2013-ci ildə Türkiyədə “AÜ Bilimsel Teşvik Birincilik Ödülü” mükafatına layiq görülüb.

Arif Səlimov 2015-ci ildə Türkiyə Dövlətinin elm sahəsində ən prestijli mükafatlarından biri olan “TÜBİTAK PPÖ-Proje Performans Ödülü”nə layiq görülüb. 2016-cı ildə isə Arif Səlimov Atatürk Universitetinin “Sıtkı Alp Bilimsel Teşvik Ödülü”nü də alıb.

2019-cu ildə Arif Səlimov Azərbaycanın “Əməkdar elm xadimi” adına layiq görülüb.