Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əliyev Rafiq Əziz oğlu 10 fevral 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur.
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1963). 1964-1967-ci illərdə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuşdur.
O, 1967-ci ildə “Reaktorların invariant idarəetmə sistemləri” mövzusunda namizədlik, 1975-ci ildə “Neftayırma müəssisələrinin avtomatlaşdırılmış idarəetmə sistemləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1976-cı ildə professor elmi adını almış, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
1967-1969-cu illərdə Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda elmi-tədqiqat laboratoriyasının müdiri, 1979-1987-ci illərdə Sumqayıt Ali Texniki İnstitutunun rektoru, 1987-1990-ci illərdə AzKPMK-nin Elm və təhsil şöbəsinin müdiri, 1989-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olmuşdur. Təbriz Universitetinin (1992), Corciya Dövlət Universitetinin (1999), Zigen Universitetinin (2000), Yakın Doğu Universitetinin (2003), Daşkənd Dövlət Texniki Universitetinin fəxri professorudur. 1998-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin MBA proqram direktoru, 2001-ci ildən bu universitetlərin BBA proqram direktorudur. Onun rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir dünyanın bir sıra ölkələrində “Qeyri-səlis Sistemlər, Soft Computing və Süni İntellektin Tətbiqi”, 2001-ci ildən başlayaraq hər iki ildən bir “Soft Computing, Söz və Persepsiya ilə Hesablamalar”, 2000-ci ildən başlayaraq hər iki ildən bir “Sənayenin avtomatlaşdırılması üzrə İntellektual Sistemlər” beynəlxalq elmi konfransları keçirilir. Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur.
R.Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və soft kompütinqə həsr olunmuş dünyanın müxtəlif ölkələrində ingilis, alman, rus, türk, Azərbaycan, özbək və başqa dillərdə çap olunmuş 76 kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.
Alim Azərbaycan, Rusiya, Almaniya, Kipr və başqa ölkələrdə 160-dan çox fəlsəfə doktoru, 30-dan çox elmlər doktoru hazırlamışdır. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, başqa ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.
O, “Advanced Computational Intelligence and Intelligent Informatics” (Yaponiya), “Information Sciences”, “International Journal of Information Technology and Decision Making”, “International Journal of Web-based Communities” (The Netherlands), “Iranian Journal of Fuzzy Systems” (Iran), “International Journal of Advances in Fuzzy Mathematics” (Italy) və “Intelligent Automation and Soft Computing” (ABŞ) elmi jurnallarının redaktorudur.
Elm sahəsində Azərbaycan “Lenin Komsomolu” mükafatı (1971), Elm və texnika üzrə SSRİ Dövlət Mükafatı (1983), “Elmdə Ömürlük Nailiyyət” (ABŞ, 2014) və digər mükafatların laureatıdır. Beynəlxalq Qeyri-səlis Sistemlər Assosiasiyasının (IFSA) fəxri üzvü, Azərbaycanda “Lütfi Zadə İrsi və Süni İntellekt” Assosiasiyasının prezidentidir.