Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlərimiz” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Məmmədəliyev Yusuf Heydər oğlu
Məmmədəliyev Yusuf Heydər oğlu 31 dekabr 1905-ci ildə Ordubad şəhərində anadan olmuşdur.
Azərbaycan Ali Pedaqoji İnstitutunun təbiət fakültəsini bitirmiş (1926) və təyinat üzrə təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmişdir (1926-1929). Elmi biliklərini artırmaq məqsədilə M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) kimya fakültəsinə üçüncü kursa qəbul edilmiş və yüksək müvəffəqiyyətlə universiteti bitirmişdir (1929-1931). Onun MDU-da aspiranturaya daxil olması üçün akademiklər N.D.Zelinski və A.A.Balandinin müsbət rəy təqdim etmələrinə baxmayaraq Y.Məmmədəliyev elmi və təşkilati fəaliyyətini doğma vətənində həyata keçirmək niyyətində olduğunu bildirmiş, kimya sənaye proseslərini yaxından öyrənmək məqsədilə bir il müddətində Moskvada 1 nömrəli Kimya zavodunda kimyaçı-mühəndis işlədikdən sonra vətənə dönmüşdür.
1932-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Üzvi kimya kafedrasının müdiri olaraq bir il işlədikdən sonra Bakıda V.V.Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda Neft və qaz analizi laboratoriyasında sektor rəhbəri olaraq elmi fəaliyyətə başlamışdır.
Y.Məmmədəliyevin təbii və neft səmt qazlarının tədqiqi və kimyəvi emalı sahəsində apardığı sistemli və yüksək əhəmiyyətli tədqiqatları, dünya miqyasında ilk dəfə alınmış elmi nəticələrini nəzərə alaraq, 1938-ci ildə Moskva Dövlət Universitetinin Elmi şurası tərəfindən ona müdafiə etmədən kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir. 1942-ci ildə “Aromatik karbohidrogenlərin alkilləşməsi və dealkilləşməsi yolu ilə toluolun sintezi” mövzusunda dissertasiya müdafiə etmiş və elmlər doktoru alimlik dərəcəsi almışdır. Dissertasiya üzrə alınan elmi nəticələr yüksəkkeyfiyyətli aviasiya və raket yanacaqlarının hazırlanması və müharibədə qələbənin əldə edilməsində müstəsna əhəmiyyətə malik olmuşdur. Azərbaycan Dövlət Universitetində (ADU) Neft kimyası kafedrasını yaratmış və ömrünün sonunadək onun rəhbəri olmuşdur (1934-1961). 1943-cü ildə Neft kimyası ixtisası üzrə professor adına layiq görülmüşdür.
Y.Məmmədəliyev 1945-ci ildə yeni yaradılmış AEA-nın ilk kimyaçı akademiki seçilmiş, Rəyasət Heyətinin üzvü olmuş, AEA-nın nəzdində Neft İnstitutunu yaratmış və ona rəhbərlik etmişdir. 1946-ci ildə SSRİ Neft Sənayesi Nazirliyində Elmi-Texniki şuranın sədri vəzifəsinə təyin edilmişdir. Bu müddət ərzində ölkəmizdə açıq dənizdə qazma qurğularının tikilməsini həyata keçirmək üçün təşəbbüs və ciddi səy göstərmiş, nəticədə dünyada ilk dəfə dənizdə neftçıxarma məhz Xəzər dənizində başlanmış, neftin dəniz yolu ilə nəqli üçün böyüktonnajlı tankerlər istifadəyə verilmiş və 1950-ci ildə Neft Daşları uğurla fəaliyyətə başlamışdır.
1947-ci ildə Y.Məmmədəliyev AEA-nın prezidenti seçilmişdir. Yüksək vətənpərvərlik və azərbaycanşünaslıq naminə apardığı əməli fəaliyyətləri, o cümlədən Azərbaycan dilinin geniş təbliği, rəsmi və digər dövlət sənədlərinin Azərbaycan dilində aparılmasına dəstək verdiyinə görə dövrün siyasi tələbi ilə 1950-ci ildə vəzifəsindən qərəzli şəkildə kənarlaşdırılmışdır.
SSRİ neft sənayesinə elmi dəstək komissiyasına 1950-ci ildə üzv təyin edilmişdir. 1951-1954-ci illərdə AEA-nın Fizika-Texnika Elmləri və Neft Bölməsinin akademik-katibi işləmişdir. Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan “Bilik” Cəmiyyətini yaratmış və sədri olmuşdur (1948-1952). Sülhü Müdafiə Komitəsi İdarə Heyətinin və Respublikanın İstehsal Qüvvələrinin Öyrənilməsi üzrə şuranın üzvü olmuşdur (1952-1961).
Akademik Y.Məmmədəliyev Azərbaycan Dövlət Universitetinin rektoru təyin edilmişdir (1954-1958). Bu dövrdə universitetin yeni tədris korpusu inşa edilmiş, yeni kafedraları, fakültələri, elmi-texniki laboratoriyaları təşkil olunmuş, elmi jurnalları təsis edilmiş, səhiyyə müəssisələri, yataqxana binası yaradılmışdır. Eyni zamanda xarici tələbələrin ADU-da təhsil alması üçün geniş şərait yaradılmışdır. ADU bu dövrlərdə “Qırmızı əmək bayrağı” və “Şərəf nişanı” ordenlərinə layiq görülmüşdür.
Akademik Y.Məmmədəliyev 1957-1958-ci illərdə Polşanın Varşava, Krakov, Qlivis şəhərlərində olmuş, bir sıra təhsil müəssisələrində, o cümlədən Sileziya Universitetində neft kimyası sahəsində mühazirələr oxumuş və polşalı aspirantlara elmi rəhbərlik etmişdir. “Polşa alimlərinin dünya kimya elminə töhfəsi” adlı elmi əsəri çap edilmişdir. Polşanın dövlət medalı ilə təltif edilmişdir.
Akademik Y.Məmmədəliyev 1958-ci ildə ikinci dəfə AEA-nın prezidenti seçilmiş və ömrünün sonuna qədər həmin vəzifədə çalışmışdır. O, ilk Azərbaycan alimi kimi 1958-ci ildə kimya sahəsində SSRİ EA-nın müxbir üzvü seçilmişdir.
Alimin geniş elmi fəaliyyəti ilə Azərbaycanın nefti, səmt və təbii qazlarının əlverişli xammal kimi istifadəsi üzrə yeni era açılmış, bu unikal təbii xammalların ehtiyatları və zəngin tərkibi yüksək dəqiqliklə müəyyən edilmiş, səmərəli kompleks istifadə edilməsi yolları işlənib hazırlanmış, neft sənayesində xüsusi əhəmiyyətə malik piroliz, katalitik krekinq və riforminq proseslərinin yeni inkişaf mərhələləri göstərilmiş, yeni proses və aparatlar icad edilmişdir. Bir sıra neft-kimya prosesləri (müxtəlif sinif karbohidrogenlərin fərqli katalitik çevrilmələri, xlorlaşma, bromlaşma, flüorlaşma, oksidləşmə, hidratlaşma, sulfolaşma, dehidrogenləşmə, alkilləşmə, dealkilləşmə, aşqarların, sintetik yuyucu vasitələrin, səthi aktiv maddələrin sintezi və s.) üçün yeni istiqamətlər yaradılmış, alınan nəticələr xüsusi dövlət sifarişi ilə birbaşa sənayeyə tətbiq olunmuş, yüksəkkeyfiyyətli neft və qaz məhsulları alınmış, elm və texnikanın müxtəlif sahələrində istifadə olunmuşdur. Xalq təsərrüfatı və qida sənayesi üçün geniş əhəmiyyətə malik bir sıra məhsulların, o cümlədən gübrələrin, boy maddələrinin əlverişli sintez üsullarını işləyib hazırlamış, alınan nəticələr xüsusilə müharibədən sonrakı quruculuq illəri üçün böyük əhəmiyyət kəsb etmişdir. Kimya sənayesi üçün vacib olan bir sıra birləşmələrin, o cümlədən spirtlərin (etanol, metanol və s.), aldehidlərin qida məhsulları əsasında deyil, zəngin xammal mənbələri olan təbii və səmt qazlarından alınma proseslərini işləyib hazırlamışdır.
Dünya alimlərinin qarşısında müəmmalı problem kimi dayanan bir çox proseslər, xüsusilə təbii və neft səmt qazlarının hallogenləşməsi Y.Məmmədəliyev tərəfindən dünyada ilk dəfə olaraq partlayışsız həyata keçirilmiş və alınan halogenli birləşmələr strateji əhəmiyyətli məhsullar, həlledicilər kimi elm və texnikanın müxtəlif sahələrində, o cümlədən tibdə antiseptik və dərman maddələri kimi geniş istifadə edilərək insanların bir sıra xəstəliklərdən qorunmasında və şəfa tapmasında istifadə olunmuşdur. Tədqiqatlar haqda məlumatlar İngiltərədə “Journal of Petroleum technology”, ABŞ-da “Oil and Gas journal” jurnallarında dərc olunmuşdur.
Naftalan neftinin tərkibini ilk dəfə molekulyar səviyyədə öyrənərək insan sağlamlığına şəfaedici təsirini aşkar etmiş və təbabətdə tətbiq etmişdir.
Akademik Y.Məmmədəliyev neft polimer qatranlarının, polimer kimyası üçün xüsusi əhəmiyyət kəsb edən reaksiyayaqabil monomerlərin (vinilhalogenidlər, izoamilenlər, stirol və onun törəmələri və s.), poliolefinlərin, süni kauçukun, süni liflərin, ipəyin və s. əsasən neft və təbii qaz xammalından alınmasının elmi-praktiki əsaslarını yaratmış və sənaye texnologiyasını işləyib hazırlamışdır. Azərbaycanda polimer kimyası sahəsinin inkişaf etdirilməsi üçün ABŞ-dan irihəcmli polimerləşmə qurğuları onun sifarişi ilə gətirilmişdir.
Y.Məmmədəliyevin işləyib hazırladığı səmərəli üsullar əsasında Sumqayıtda müxtəlif halogenli birləşmələrin, xüsusilə polimer sənayesində ilkin maddə kimi istifadə olunan qiymətli monomerlərin – vinilxlorid, allilxloridlərin və s. sənaye istehsalı daha geniş miqyasda həyata keçirilmişdir. Alınan nəticələr Rusiyanın və Ukraynanın bir sıra şəhərlərində, Kaluqa, Yaroslavl, Volqoqrad, Kiyev və s. tətbiq edilmişdir.
Akademik Y.Məmmədəliyev neftin mənşəyi və yaranması nəzəriyyəsinin inkişafına güclü təkan vermiş, bu məqsədlə bir çox neft mənbələri onun tərəfindən araşdırılmış, ilk dəfə Binəqədi gölünün bitumu və onun ərazisində yerləşən neft quyularından götürülmüş neftin müqayisəli tədqiqatı aparılmışdır.
Qeyd etmək lazımdır ki, alimin işləyib hazırladığı proseslərin əksəriyyəti tullantısız texnologiyalar üzrə qurulduğu və yüksək rentabelli olduğu üçün böyük sənaye miqyasında ölkəmizdə və onun hüdudlarından kənarda geniş tətbiq olunmuşdur. Görkəmli alimin elmi ideyaları və tədqiqatları zamanı bir əsr qabaqlamışdır.
Dahi alimin İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında tarixi əhəmiyyətli müstəsna xidmətləri olmuşdur. Onun kəşf etdiyi və sənaye texnologiyasının tətbiqi üçün yorulmaz fədakarlıqla işləyib hazırladığı yüksək oktanlı və istənilən hava şəraitinə uyğunlaşa bilən aşağı donma temperaturuna malik keyfiyyətli hərbi texnika və aviasiya yanacaqları faşizm üzərində qələbəni təmin etmiş, Bakıda istehsal edilib cəbhəyə tonlarla göndərilmiş və qalibiyyət simvolu kimi “qələbə yanacağı” adlandırılmışdır. Yusuf Məmmədəliyevin təşəbbüsü və üsulu ilə irihəcmli alkilləşdirmə qurğusu inşa edilmiş və strateji əhəmiyyətə malik alkilatlar, toluol, trotil, halogenli birləşmələr, alimin yeni konstruksiyası əsasında öz-özünə alışa bilən oksidləşdirici tərkibə malik, həm partlayış, həm də əritmə gücünə qabil, "Molotov kokteyli" adlandırılan vasitələr istehsal olunaraq Bakıdan cəbhəyə göndərilmişdir. Y.H.Məmmədəliyev 1945-ci ildə Moskvada Qızıl Meydanda keçirilən faşizm üzərində Qələbə Paradında xüsusi rəsmi dəvət və buraxılış vərəqi əsasında tribunada fəxri qonaq olaraq iştirak etmişdir.
Dahi alimin elmi tədqiqatları əsasında yüksək keyfiyyətli kosmik-raket yanacaqları da işlənib hazırlanmış və insanın kosmosu fəthində bilavasitə istifadə olunmuşdur. İlk kosmonavt Y.Qaqarinin kosmosa uçuşu münasibətilə keçirilən bayram tədbirində xüsusi rəsmi dəvət və buraxılış vərəqi əsasında fəxri qonaq kimi iştirak etmiş, mətbuat konfransının iştirakçısı olmuşdur. Y.H.Məmmədəliyev Mars planetinə uçuş üçün yeni növ yanacaq kəşfi üzərində də işləmiş və aldığı nəticələri tanınmış raket-kosmik sistemlərin konstruktorları ilə birgə sınaqdan keçirmişdir.
Y.Məmmədəliyevin Azərbaycan Elmlər Akademiyasının prezidenti olaraq təşəbbüsü və şəxsi iştirakı ilə Neft–Kimya Prosesləri İnstitutu, Dərin Neft və Qaz Yataqlarının İşlənilməsi İnstitutu, Genetika və Seleksiya İnstitutu, Su Problemləri İnstitutu, Elmi-Tədqiqat Kliniki və Eksperimental Tibb İnstitutu, Respublika Əlyazmalar Fondu, Şərqşünaslıq İnstitutu, Hesablama Mərkəzi, İqtisadiyyat İnstitutu, Fizika, Riyaziyyat və Mexanika institutları, Şamaxı Astrofizika Rəsədxanası, Xəzər dənizini təbii şəraitdə kompleks şəkildə öyrənmək üçün "Elm" üzən gəmisində bioloji stansiya, Sumqayıt Kimya Elmi Mərkəzi yaradılmışdır. Bir sıra elmi nəşrlərin, o cümlədən “Azərbaycan Kimya Jurnalı”, “Elm və Həyat jurnalı”nın təsis olunmasında xüsusi təşəbbüs göstətmişdir.
Onun gərgin zəhməti hesabına Avropada ən böyük teleskop Almaniyadan Şamaxı şəhərinə gətirilmiş, təşəbbüsü ilə yaradılmış Astrofizika Rəsədxanasında qurulmuşdur. Qobustan qayaüstü rəsmlərin, Qafqaz Albaniyasının, qədim eposlarımızın, “Dədə Qorqud” dastanının, Nizamişünaslıq elmi istiqamətinin, miniatür sənətimizin və digər milli-mədəni sərvətlərimizin tədqiqinə geniş vüsət verilmişdir.
Y.Məmmədəliyevin elmi tədqiqatlarının nəticələri 936 elmi və publisistik əsərdə, müəlliflik şəhadətnaməsi və patentlərdə öz əksini tapmışdır. Y.Məmmədəliyev 13 elmlər doktoru, 31 fəlsəfə doktoru hazırlamışdır.
Akademik Y.Məmmədəliyev bir çox təltif və fəxri adlara layiq görülmüşdür. O, “Lenin” ordeni (1944), “Qafqazın müdafiəsi uğrunda” və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Şərəfli əməyə görə” medalı (1945), SSRİ Dövlət mükafatı laureatı (1946), “Şərəf nişanı” ordeni (1951), “Qırmızı əmək bayrağı” (1954), Faşizm üzərində qələbənin 10 illiyi ilə bağlı medal (1955), Azərbaycan SSR “Əməkdar elm xadimi” fəxri adı (1956), Polşanın dövlət medalı (1957), Fransanın Kimya Cəmiyyətinin medalı (1958), Ümumdünya Sülh Şurasının Fəxri fərmanı (1959), SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Qızıl medalı” (1960), “M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 1711-1961” nişanı (1961) ilə təltif edilmişdir.
Akademik Y.Məmmədəliyev SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur (1955-1958).
Akademik Yusuf Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuş və dahi alimin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sərəncamına əsasən 1995-ci ildə akademik Y.H.Məmmədəliyevin anadan olmasının 90 illik yubileyi təntənəli qeyd olunmuş və görkəmli dövlət xadimi yubiley tədbirində geniş nitq söyləmişdir.
1998-ci ildə Yusuf Məmmədəliyevin Bakının mərkəzində Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının qarşısında heykəli ucaldılmışdır. Açılış mərasimində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2005-ci ildə “Y.Məmmədəliyevin 100 illik yubileyi haqqında” Sərəncam imzalanmışdır. UNESCO tərəfindən Y.Məmmədəliyevin 100 illik yubileyinin “Dünya yubileyləri siyahısı”na daxil edilməsi haqqında qərar verilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun Baş Qərargahında təntənəli yubiley tədbirlərində geniş məzmunlu nitq ilə çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev akademik Y.Məmmədəliyevin Ordubad şəhərində abidəsini və Ev Muzeyini 2006-cı ildə ziyarət etmiş və fəxri ziyarətçilər kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması ilə tanış olmuş və akademik Y.Məmmədəliyev adına qəsəbədə yerləşən abidəsi önünə gül dəstəsi qoymuşdur.
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda alimin Memorial Muzeyi yaradılmışdır. 2012-ci ildə muzey müasir səviyyədə yenidən qurulmuşdur. İnstitutun qarşısında Yusuf Məmmədəliyevin büstü qoyulmuşdur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində akademik Y.Məmmədəliyev adına auditoriya açılmışdır (2018).
Akademik Y.Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının ərazisində Y.Məmmədəliyevə həsr olunmuş barelyefin 2019-cu ildə təntənəli açılış mərasimi keçirilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2019-cu ildə akademik Y.Məmmədəliyev adına auditoriya açılmışdır.