Kamil Nazim oğlu Səlimov 12 aprel 1956-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. 1973-cü ildə Bakıdakı 18 nömrəli orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsinə daxil olmuş, 1974-1979-cu illərdə burada təhsil almışdır. Əmək fəaliyyətinə hələ tələbəlik illərində - 1974-cü ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzində laborant kimi başlamışdır. BDU-nu bitirdikdən sonra isə elmi fəaliyyəti ilə yanaşı, 1984-cü ildə Azərbaycan SSR Vəkillər Kollegiyasının sədr müavini seçilmiş, bu vəzifəni 1987-ci ilə qədər icra etmişdir.
Elmi fəaliyyətə olan marağı onu SSRİ Prokurorluğunun Cinayətkarlığın Səbəblərinin Tədqiqi və Qarşısının Alınması Tədbirlərinin İnkişafı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunun aspiranturasına gətirmiş və orada 1987-ci ildə “Tikinti materiallarının əldə edilməsi qaydalarının pozulmasına görə cinayət məsuliyyəti” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, elə həmin il BDU-nun Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
Daha sonra - 2000-ci ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda “Terrorizmin müasir problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini almışdır. 1995-ci ildə dosent, 2010-cu ildə isə professor elmi adına layiq görülmüşdür.
1992-ci ildən Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasına rəhbərlik edən Kamil Səlimov bu müddət ərzində kafedranın inkişafına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə tədris prosesinə yeni fənlər daxil edilmiş, xüsusilə “Əməliyyat-axtarış fəaliyyəti” kursunun tətbiqi ölkəmizdə hüquq təhsilinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Kafedranın əməkdaşlıq əlaqələrini inkişaf etdirərək ixtisaslararası mütəxəssislərin hazırlanması istiqamətində “Rəqəmsal kriminalistika” üzrə magistr proqramı hazırlanmışdır.
Fundamental elmlər sahəsində, xüsusən molekulyar genetikada əldə olunan müasir nailiyyətləri nəzərə alaraq, kafedra BDU-nun Genetika kafedrası ilə birgə “Molekulyar kriminalistika” adlı fənlərarası tədris proqramını da tərtib etmişdir.
O, erməni terrorizminin və uzun illər Ermənistanın terrorizmə əsaslanmış dövlət siyasətinin beynəlxalq cinayət kimi qiymətləndirilməsi və onun təşkilatçıları barədə sanksiyaların tətbiq edilməsinə dair konkret təkliflər də irəli sürmüşdür. 1999-cu ildə Moskvada çap olunmuş "Terrorizmin müasir problemləri" adlı monoqrafiyasında Qarabağda separatçıların fəaliyyətini beynəlxalq terrorizmin bir növü kimi elmi şəkildə əsaslandırmışdır.
Alimin rəhbərliyi ilə 2 elmlər, 17 fəlsəfə doktoru hazırlanmış, 100-ə yaxın magistr dissertasiyası müdafiə edilmişdir. Professor K.Səlimov 8 monoqrafiyanın, 6 dərsliyin, 19 dərs vəsaitinin, 1 tədris praktiki vəsaitin, 1 metodik göstərişin, 1 metodiki vəsaitin, 137 məqalənin, 28 tezisin, 20-dən çox proqramın müəllifidir. Onun “Kriminalistika”, “Məhkəmə ekspertizası”, “Əməliyyat-axtarış fəaliyyətinin əsasları” kimi dərslikləri bu gün də hüquq təhsilində əsas mənbələrdən hesab olunur.
O, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, eləcə də təhsil və hüquq elminin inkişafına verdiyi töhfələrə görə müxtəlif mükafatlara layiq görülmüşdür. 2018-ci ildə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2019-cu ildə BDU-nun 100 illiyi yubiley medalı ilə təltif olunmuşdur.