GÖRKƏMLİ ALİMLƏR

“Ürək zərgəri” ləqəbli milli kardiocərrahiyyəmizin banisi

“Ürək zərgəri” ləqəbli milli kardiocərrahiyyəmizin banisi

Fikrət İsmayıl oğlu Zərgərli 1929-cu ildə Bakıda müəllim ailəsində doğulub. O, 1947-ci ildə 6 nömrəli məktəbi gümüş medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1949-cu ildə isə təhsilini davam etdirmək üçün İ.M.Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. Yüksək bilik və savadına görə Fikrət Zərgərlini dərhal institutun hospital cərrahiyyə kafedrasına dəvət ediblər.

Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 nömrəli Moskva Şəhər Xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışıb. Daha sonra isə öz fəaliyyətini A.L.Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirib.

1968-ci ildə “Fallo kompleksinin cərrahiyyə müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin dissertasiya ən ağır və geniş yayılmış anadangəlmə ürək qüsurlarından birinə həsr olunub.

Moskvada keçən illər onun üçün böyük bir təcrübə məktəbi olub. O, dünyaşöhrətli akademik B.V.Petrovskinin rəhbərliyi altında, dünyada ilk dəfə həyata keçirilən ürək anevrizması əməliyyatlarında yaxından iştirak edərək kardiocərrahiyyənin sirlərinə yaxından yiyələnib.

Fikrət Zərgərlinin ömür yolu, sadəcə, xəstəxana divarları arasında keçməyib. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ zamanı könüllü kimi hadisə yerinə yollanması onun nə qədər böyük qəlbli bir insan olduğunun sübutu idi. 

1976-cı ilin oktyabrında Azərbaycan SSR Səhiyyə Nazirliyinin dəvəti ilə Bakıya qayıdan professor Fikrət Zərgərli az müddətdə ölkədə kardiocərrahiyyənin təməllərini qoyur. 1978-ci ildən etibarən o, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olur. Qısa müddətdə istedadlı alim Azərbaycanda nümunəvi cərrahi şöbə yaradır, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlayır. Bu şöbə sonradan böyüyüb Respublika Kardiologiya Mərkəzinə çevrilir. Müxtəlif illərdə Moskva və Bakı şəhərlərində F.Zərgərlinin rəhbərlik etdiyi şöbələrdə açıq ürək üzərində 1500 əməliyyat aparılır.

Azərbaycan səhiyyə tarixinin yaddaşına həkk olunan ən təsirli hadisə isə 1979-cu ilin dekabrında baş verib. Belə ki, professorun həmin ilin 13 dekabrında anadangəlmə ürək qüsurlu bir şəxs üzərində apardığı əməliyyat Azərbaycan tibb dünyasında bir inqilab olub. Ölkəmizdə kardiocərrahiyyə sahəsi adına atılan bu ilk uğurlu addım minlərlə insana şəfa tapmaq ümidi verib. Heç təsadüfi deyildi ki, hələ sağlığında ona “Ürək zərgəri” deyirdilər. Görkəmli alim, həqiqətən də, qəlblərə zərgər incəliyi ilə toxunurdu.

Professor Fikrət Zərgərli 150-dən çox elmi əsərin, məruzə və məqalələrin müəllifidir. O, dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və digər ölkələrdə “Ürəyin blokadası”na aid mövzularla simpoziumlarda çıxış edib.

Ancaq amansız əcəl başqalarının ürəyinə ömür calayan bu “şəfa zərgəri”nin arzularını yarımçıq qoyub. Gecə-gündüz insan sağlamlığının keşiyində dayanan Fikrət Zərgərli qısa sürən xəstəlikdən sonra 1984-cü ildə cəmi 54 yaşında əbədiyyətə qovuşub. Lakin onun yaratdığı “Zərgərli məktəbi” bu gün də yaşayır. 

Salyan Regionlararası Kardioloji Dispanseri bu gün Fikrət Zərgərlinin adını daşıyır. 

1974-cü ildə onun fəaliyyətinə həsr olunmuş “Üç hekayə” filmi arxivlərimizin qızıl fondunu bəzəyir.