Qorxmaz Cahangir oğlu İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində dünyaya göz açıb. 1958-ci ildə 199 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub və 1964-cü ildə İqtisadiyyat fakültəsini bitirib.
O, 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun aspiranturasında təhsil alıb və 1968-ci ildə həmin institutda “Yüklərin daşınması prosesinin optimallaşdırılması məsələləri EHM və iqtisadi-riyazi üsulların tətbiqi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru, 1975-ci ildə isə “Milli iqtisadiyyatının optimal planlaşdırılmasının inteqral modellər sistemi” mövzusunda iqtisad elmləri doktoru dissertasiyasını müdafiə edib. Daha sonra 1983-cü ilin iyun ayında professor elmi adına və 1984-cü ildə elm sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Alim 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Görkəmli elm xadiminin rəhbərliyi ilə 1974-cü ildə ilk dəfə respublikada makroiqtisadi sistemlərin modelləşdirilməsi sahəsində elmi-tədqiqat işləri aparmaq üçün Kibernetika İnstitutunda laboratoriya yaradılıb və o, 1987-ci ilə qədər həmin laboratoriyaya başçılıq edib.
Əmək fəaliyyəti çoxşaxəli olan alim Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun rəhbəri (1987–1993) vəzifəsində, Rusiya Elmlər Akademiyasının Bazar Problemləri İnstitutunda (1995–1998) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində çalışıb.
Q.İmanov Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) (1968–1969) müəllim, 1971–1987-ci illərdə institutda böyük elmi işçi, laboratoriya, şöbə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Professorun geniş pedaqoji fəaliyyəti Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universiteti ilə bağlı olub.
Yumşaq hesablama üsulları, o cümlədən neyron şəbəkələri, fuzzy məntiqi və digər makroiqtisadi modelləşdirmə tətbiqləri sahəsində geniş tədqiqat işləri aparan professorun rəhbərliyi altında Azərbaycanda “Makroekonomik sistemlərin modelləşdirilməsi” (1974) və “Fuzzy iqtisadiyyat” (2003) kimi iki elmi məktəb və respublikada ilk dəfə olaraq fazi iqtisadiyyat laboratoriyası yaranıb.
Respublikada iqtisadi-riyazi üsullar sahəsində çalışan ilk alimlərdən biri olan Q.İmanovun əsas elmi nailiyyətləri fazi iqtisadiyyat, müttəfiq respublikaların xalq təsərrüfatlarının planlaşdırılması, iqtisadi proqnozlaşdırma modelləri, həmçinin sosial-iqtisadi sistemlərin planlaşdırılması və struktur-funksional modelləri ilə bağlıdır. Bununla yanaşı, sosial-iqtisadi sistemlərin keyfiyyətinin qiymətləndirilməsi, qeyri-müəyyənlik problemləri, dayanıqlı inkişaf strategiyalarının modelləşdirilməsi kimi sahələrdə də mühüm nəticələr əldə edib.
Alimin inteqrallaşdırılmış balans modelləri və struktur-funksional model üzrə işləri 1976 və 1981-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının mühüm nəticələri siyahısına daxil edilib. “Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri” mövzusunda tədqiqatları isə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Q.İmanov dünyanın 25-ə yaxın ölkəsində 60-dan çox beynəlxalq konfrans, simpozium və seminarlarda məruzə ilə çıxış edib. O, İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının, İspaniya Kral Doktorlar Akademiyasının xarici üzvü, Avropa Ali Doktorlar Şurasının fəxri üzvü, Akademik N.Fedorenko adına İqtisadi Tədqiqatlar Beynəlxalq Elm Fondunun idarə heyətinin professor L.Zadənin redaktorluğu ilə çap edilən “Neyro-fazi texnologiyalarla iqtisadi modelləşdirmə” jurnalının (Ukrayna) redaksiya heyətinin üzvüdür.
1984-cü ildə iqtisadi-riyazi üsulların və hesablama texnikasının xalq təsərrüfatının idarə edilməsində tədbiqinə görə elm sahəsində dövlət mükafatına layiq görülüb. 2015-ci ildə “Rusiya İqtisad elminin inkişafında xidmətlərinə görə Akademik N.Fedorenko adına Beynəlxalq mükafat”a layiq görülmüşdür.
O, respublikada iqtisadi-riyazi üsullar elmi məktəbinin yaradıcılarından biridir. Bu sahədə o 250-dən çox elmi əsərin, o cümlədən 17 monoqrafiyanın müəllifidir. Onun 5 monoqrafiyası İspaniyada və Almaniyada ispan, ingilis və rus dillərində çap olunmuşdur. Əsərlərinə xaricdə çap olunmuş məqalələrdə 100-dən çox istinad edilmişdir.
Alim 2001-2014-cü illərdə Kibernetika İnstitutunda, 2014-2026-cı illərdə İdarəetmə Sistemləri İnstitutunda çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda Sosial iqtisadi proseslərin qeyri-səlis modelləşdirilməsi laboratoriyasının müdiri vəzifəsində işləyir.