Teymur Süleyman oğlu Vəliyev 1926-cı il yanvarın 15-də Ağdamın Seyidli kəndində anadan olmuşdur. Azərbaycanın ilk iqtisadçı alimlərindən biri kimi ömrünü respublikamızda iqtisad elminin və təhsilinin inkişafına həsr etmişdir.
Teymur Vəliyev 1953-cü ildən başlayaraq, respublikanın müxtəlif ali məktəblərində “Siyasi iqtisad” fənnindən (İqtisadi nəzəriyyə) dərs demiş, gənc nəslin iqtisadi təfəkkürünün formalaşmasında böyük xidmətlər göstərmişdir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda iqtisadiyyat elmi üzrə doktorluq dissertasiyası müdafiə edən ikinci şəxs məhz Teymur Vəliyev olmuşdur.
Əməkdar elm xadiminin yaradıcılıq fəaliyyəti çoxsahəli və genişdir. Təsadüfi deyil ki, onu iqtisad elminin zirvəsini fəth etmiş alim andlandırırdılar. Onun rəhbərliyi və iştirakı ilə Azərbaycan dilində hazırlanan çox sayda dərslik, dərs vəsaiti, monoqrafiya və metodik göstərişlər bu gün də aktuallığını itirmir, tələbələr, mütəxəsislər üçün dəyərli mənbə olaraq qalır.
Teymur Vəliyev müxtəlif problemləri əhatə edən 150-dən artıq elmi əsərin müəllifidir. Onun elmi potensialının yüksək olmasını bu gün bütün elm camiəsi etiraf edir. İstər iqtisad, istərsə də ictimai, humanitar və təbiət elmlərini dərindən bilən Teymur Vəliyev geniş dünyagörüşlü alim idi. Elmin müxtəlif sahələrini təmsil edən mütəxəssislər daim ondan məsləhətlər alır və hər dəfə də dəmir məntiqinə, ensiklopedik biliyinə heyran qalırdılar. Ümumiyyətlə, Teymur Vəliyevin böyüklüyü, ilk növbədə, onun intellekti, hazırladığı kadrlar, elmə verdiyi töhfələrlə müəyyən olunur.
O, özündən sonra insanların fikrində elmə və təhsilə xidmət, dövlət və dövlətçiliyə sədaqət nümunəsi olmaqla, həm də onlarla insanın elm, dövlət adamı kimi formalaşmasını ləyaqətlə həyata keçirmişdir. Teymur müəllim gənclərin təhsil və tərbiyəsi, Azərbaycanda iqtisad elminin öyrənilməsi və inkişafı məsələlərində çox həssas idi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Teymur Vəliyevin elmi yaradıcılığı daha da genişlənib zənginləşdi. Onun 1999-cu ildə nəşr edilən “İqtisadi nəzəriyyə” kitabı ali məktəb tələbələri üçün yeganə dərslik oldu. Həmin il alimin “İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü” adlı monoqrafiyası da çapdan çıxdı.
İqtisad elmi sahəsində ən məhsuldar alim olan professor Teymur Vəliyevin 2000-2002-ci illərdə alim həmkarları ilə birgə yazdığı “İzahlı iqtisadi terminlər” adlı lüğət kitabı, “Azərbaycanda iqtisadi fikir tarixi”, “Ümumi iqtisadi nəzəriyyə” və başqa əsərləri iqtisadçılara qiymətli töhfədir. Onun orta məktəblərin 9-11-ci sinifləri üçün nəzərdə tutulan “İqtisadiyyatın əsasları” adlı dərsliyi də mütəxəsisslər tərəfindən yüksək dəyərləndirilir.
O, bir çox beynəlxalq konfraslarda, simpoziumlarda, elmi forumlarda Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Dəfələrlə Moskvada, Kiyevdə, Tbilisidə, keçmiş Çexoslovakiya, Rumıniya, Danimarkada keçirilən beynəlxakq konqres, simpozium və konfraslarda iqtisadi məsələlərə dair elmi nəzəri məruzələrlə çıxışlar etmişdir.
Elm aləmində böyük nüfuz sahibi olan Teymur Vəliyev insanlarla ünsiyyətdə nə qədər mehriban, qayğıkeş olsa da, işində bir o qədər ciddi və tələbkar idi. O, gənc iqtisadçılar üçün əsl müəllim idi. Fəxrlə deməliyik ki, bu gün Azərbaycan iqtisadiyyatında rəhbər vəzifələr tutan əksər iqtisadçıların peşəkar mütəxəssis kimi formalaşmasında professor Teymur Vəliyevin böyük rolu olmuşdur. O, iqtisadiyyat elmi sahəsində elmi-pedoqoji kadrların hazırlanmasında xeyli qüvvə sərf etmiş və onun rəhbərliyi altında 19 aspirant namizədlik dissertasiyası yazmış və müdafiə etmişdir. Teymur Vəliyev bir neçə doktorluq dissertasiyasına elmi məsləhətçi olmuşdur. O, həm də iqtisad elmləri üzrə 15 doktorluq və 17 namizədlik dissertasiyasına rəsmi opponentlik etmişdir.
Maraqlı və zəngin həyat yolu keçmiş Teymur Vəliyev uzun müddət SSRİ AAK-ın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitutunda doktorluq dissertasiyası üzrə ixtisaslaşdırılmış müdafiə şurasının həmsədri, eyni zamanda ADİU-da ixtisaslaşdırılmış müdafiə şurasının sədri olmuşdur.
Yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Teymur Vəliyev uzun illər respublikamızın ali məktəblərində rəhbər vəzifələrdə çalışmışdır. O, 1966-cı ildən Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki İqtisad Universiteti) tədris işləri üzrə prorektor, 1971-ci ildən Azərbaycan (indiki Bakı) Dövlət Universitetində 12 il tədris işləri üzrə prorektor, 1992-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 8 il elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir.
Teymur Vəliyev iqtisad elminin inkişafında səmərəli xidmətlərinə görə Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1983-cü ildə Elmlər Akademisayının müxbir üzvü seçilmişdir.
Böyük vətənpərvər Teymur Vəliyev keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayan vaxtlardan öz qələmi ilə separatçılara qarşı mübarizəyə qalxmış, onların əsas iddialarını ifşa etmiş, Azərbayacanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. Birinci Qarabağ savaşı dövründə Teymur Vəliyev dəfələrlə cəbhə bölgəsinə getmiş, döyüşən dəstələrə maddi və mənəvi dəstək olmuşdur.
Teymur Vəliyev 2002-ci ildə vəfat etmişdir.