GÖRKƏMLİ ALİMLƏR

Tanınmış riyaziyyatçı alim

Tanınmış riyaziyyatçı alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Vaqif Sabir oğlu Quliyev 1957-ci il fevral ayının 22-də Salyan şəhərində anadan olmuşdur.

1978-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1994-cü ildə isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1997-ci ildə isə professor elmi adını alıb. 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.

V. Quliyev 1978-1983-cü illərdə Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda elmi işçi, 1983-2019-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasında müəllim, baş müəllim, dosent və professor, 2009-2015-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 2015-2019-cu illərdə elmi işlər üzrə direktor müavini, 2019-2021-ci illərdə BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib. 2021-ci ildən indiyədək BDU-nun nəzdində Tətbiqi Riyaziyyat ETİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

V.Quliyev bircins Li qruplarında təyin olunmuş yeni lokal Morri tipli fəzalarında (ədəbiyyatda artıq Quliyev-Morri tipli fəzalar da adlandırılır) daxiletmə teoremlərini araşdırıb. Elmi işləri bircins tipli fəzalarda və bircins Li qruplarında funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsinə, çoхdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daхilolma teoremləri nəzəriyyəsinə, Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalar üçün yaхınlaşmalar nəzəriyyəsinə, banaхqiymətli funksional fəzalar nəzəriyyəsinə, çoхölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsinə, Morri tipli fəzalarda inteqral operatorların məhdudluğu və onların diferensial tənliklər nəzəriyyəsinə tətbiqi məsələlərinə həsr olunub.

V.Quliyev 250-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. 180-dən çox məqaləsi “Web of Science” bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub və elmi əsərlərinə 1600-dən çox istinad edilib. 2011, 2017 və 2019-cu illərdə “Operators on Morrey-Type Spaces and Applications” adlı beynəlxalq elmi konfransa sədrlik edib.

V.Quliyevin rəhbərliyi altında 4 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanıb. O, bir neçə dəfə İtaliyada fəlsəfə doktoru dissertasiya işlərinə rəsmi opponent olub. 2015-ci ildən indiyədək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. “AMEA-nın xəbərləri (riyaziyyat buraxılışı)” jurnalının baş redaktoru, “Applied and Computational Mathematics” jurnalının baş redaktor müavini və “TWMS Journal Pure and Applied Mathematics” jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. Azərbaycan Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvüdür və bu cəmiyyətin əsərlərinin 2-ci cildinin məsul katibi olub.

V.Quliyev 2000-ci ildə Təhsil Nazirliyinin, 2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif edilib. “2016-cı ilin alimi” müsabiqəsinin “Fizika, riyaziyyat və texnika elmləri” nominasiyasının və 2018-ci ildə “Clarivate Analytics” (Web of Science Awards 2018) şirkətinin “Azərbaycanda təbiət elmləri üzrə ən məhsuldar müəllif” mükafatının qalibi olub.