GÖRKƏMLİ ALİMLƏR

Qərbi Xəzər gömül­müş qalxımını aşkar etmiş geoloq alim

Qərbi Xəzər gömül­müş qalxımını aşkar etmiş geoloq alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Şixəlibəyli Ədhəm Şahlarbəy oğlu

Ədhəm Şahlarbəy oğlu Şıxəlibəyli 1911-ci ildə Şamaxı ra­yo­nu­nun Bicov kəndində anadan olmuş­dur. 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.

Ə.Şıxəlibəyli 1947-ci ildə geologiya-mineralogiya üz­rə fəlsəfə doktoru, 1965-ci ildə geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərə­cə­lərini, professor elmi adını almış, 1968-ci ildə Azərbaycan SSR Elmlər Aka­de­mi­yasının (AEA) müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Alim 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. O, Azərbaycan SSR EA-nın Yer haqqında Elmlər Böl­məsi­nin aka­demik-katibinin müavini olmuşdur. Uzun illər institutun Geotek­toni­ka, strati­qrafiya və litologiya şöbəsinə, 1969-1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqla­rının axtarışını aparan Sovet geoloqlar qrupuna başçılıq etmişdir. Ə.Şıxəlibəyli 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqları­nın Milli Komitəsinin prezidenti olmuşdur.

Ə.Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsi­nin müəssisələrarası tektonik komissiyasının üzvü, BDU-nun Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin elmi-texniki şuralarının üzvü, Azərbaycan Sove­t Ensiklopediyası Redaksiya Şurasının üzvü, Azərbaycan EA “Xəbərlər” jurnalı Yer Elmləri seriyasının baş redaktorunun müavini olmuşdur.

Ədhəm Şıxəlibəyli Şərqi Qafqazın qırışıqlıq sisteminin əmələ gəlməsinin mərhələ­lərini müəyyən etmiş, onları struktur zonalara bölmüş və onların yaranmasında şimal-qərbi kembridən­qabaq və şimal-şərqi rifey yarıqlarının rolunun elmi əsaslarını vermişdir. O, şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömül­müş qalxımını aşkar etmiş və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müs­bət struk­turlarının Xəzər dənizinə yaxınlaşdıqca, birləşmə­lərinə səbəb olma­sını əsaslan­dırmışdır. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetal filiz yataqları­nın aşkar edilməsi perspektivliyini sübut etmişdir.

O, müxtəlif beynəlxalq simpozium və toplan­tılarda (Hindistan, Avstriya, Türkiyə, İran, İngiltərə, ABŞ, Moskva və s.) res­pub­likamızın təmsilçisi kimi müasir elmin aktual problemləri üzrə fundamen­tal məruzələrlə çıxış etmişdir.

Ə.Şıxəlibəyli 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəl­lifi və Azərbaycanın geoloji, tektonik, paleotektonik, geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifi idi.

1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Ədhəm Şıxəlıbəyli 1996-cı ildə Bakıda vəfat etmişdir.