Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əliabbas Abbasqulu oğlu Mədətzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur. 1931-ci ildə ADPİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidrometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır.
İlk elmi işi 1936-cı ildə tərtib etdiyi “Azərbaycanın sinoptik rayonlaşdırılması” xəritəsi olub və ondan indi də hava proqnozlarının verilməsində istifadə edilir.
1946-cı ildə “Cənubi Xəzərin fırtınaları” mövzusunda namizədlik, 1957-ci ildə isə “Abşeronun hava və iqlim tipləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Ə.Mədətzadə 1947-1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin Dəniz rəsədxanasının direktoru işləmişdir. Onun bundan sonrakı bütün həyatı Azərbaycan SSR EA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur. 1959-1972-ci illərdə isə əvvəl “Sinoptik meteorologiya”, sonra isə “Atmosfer fizikası” şöbəsinə rəhbərlik etmişdir.
Azərbaycanın məşhur sinoptiki və iqlimşünası kimi qəbul edilən alimin elmi-tədqiqat işlərinin əsas istiqaməti Azərbaycanda atmosfer proseslərinin öyrənilməsi, Xəzər üzərində güclü küləklərin yaranmasının səbəbləri, havanın uzunmüddətli proqnozunun metodikasının işlənməsi və s. olub.
O, zərərli atmosfer hadisələrindən olan və təsərrüfata böyük ziyan vuran dolu proseslərini hərtərəfli tədqiq edib. Ə.Mədətzadə ilk dəfə güclü topa-yağış-dolu buludlarının yaranmasının aerosinoptik şəraitini öyrənib, ərazinin fiziki-coğrafi xüsusiyyətlərini nəzərə alaraq dolunun məkan və zamanca paylanmasının ümumi qanunauyğunluqlarını müəyyən edib, ilk dəfə Azərbaycanda dolu düşən günlərin illik paylanma xəritəsini verib.
O, Xəzər dənizində hakim olan küləkləri 7 sinoptik qrupa bölmüş, burada küləklərin yaranması və paylanması qanunauyğunluqlarını öyrənmiş, qasırğalı küləkləri əmələ gətirən sinoptik şəraiti tədqiq etmiş, bunların proqnozunun metodikasını işləyib hazırlamışdır.
Alim Azərbaycana müxtəlif istiqamətlərdən gələn hava kütlələrini tədqiq etmiş, onların respublikada yaratdığı sinoptik şəraiti müəyyən etmiş, xəritəsini vermişdir.
Onun coğrafiya elminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş “Azərbaycan Respublikasının atlası”nda verdiyi xəritələr xüsusi qeyd olunmalıdır. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir.
Alim “Cənubi Xəzərin qasırğaları”, “Abşeronun hava növləri və iqlimi”, “Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri” monoqrafiyalarının, çox sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifidir.
Ə.Mədətzadə 1971-ci ildə həmmüəllifi və redaktoru olduğu “Azərbaycanın iqlimi” monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüşdür.
Əliabbas Mədətzadə 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.