GÖRKƏMLİ ALİMLƏR

Buruq sularından yodun alınmasının orijinal üsulunu hazırlamış alim

Buruq sularından yodun alınmasının orijinal üsulunu hazırlamış alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Zülfüqarlı Cümşüd İsmayıl oğlu 1905-ci il yanvarın 30-da İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Peda­qoji fakültəsinin təbiət şöbəsini bitirmişdir (1930).

C.Zülfüqarlı 1940-cı ildə kimya üzrə fəl­səfə doktoru, 1963-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1960-cı ildə professor elmi adını almışdır. 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

C.Zülfüqarlı Azərbaycan Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedra­sının dosenti (1945-1957), Kimya fakültəsinin dekanı (1951-1952), Qeyri-üzvi kimya kafedrasının müdiri (1957-1980) vəzifələrində çalışmışdır.

C.Zülfüqarlının rəhbərliyi ilə Azərbaycan, Tacikistan, Gürcüstan, Dağıs­tan və Volqoqrad vilayətinin müxtəlif təbii obyektlərində mikroele­ment­lərin yayıl­ma­sı öyrənilmişdir. Aparılmış tədqiqat nəticəsində kausto­bio­lit­lərdə, lay sularında və süxurlarda mikroelementlərin yayılmasının xa­rakteri, onların birləşmə forması və korrelyativ qarşılıqlı əlaqələri haqqında çox qiy­mətli məlumat əldə edilmişdir. Neftin yaşından asılı olaraq, onun üzvi və hete­rogen komponentləri, habelə cüt-cüt götürülən elementlər arasındakı qar­şılıqlı əlaqəni göstərən qanunauyğunluqlar aşkar edilmişdir.

C.Zülfüqarlı müxtəlif regionların neftlərindəki porfirinlər və onların metal­kompleksləri haqqında çox maraqlı məlumat əldə etmiş və bu maddə­lərin mən­şəyinə dair əsaslandırılmış hipotezlər irəli surmüşdür.

C.Zülfüqarlının rəhbərliyi ilə yarimkeçiricilər kimyası sahəsində apa­rılan tədqiqatların mühüm əhəmiyyəti olmuşdur. Bu birləşmələr sırasına aid xeyli yeni maddə sintez edilmişdir. Onların hərtərəfli öyrənilməsi nəticə­sin­də bəlli ol­muşdur ki, yarimkeçirici xassəsinə malik olan bu birləşmələrdən geniş miq­yasda istifadə edilə bilər.

C.Zülfüqarlı tərəfindən buruq sularından yodun alınmasının orijinal üsulu hazırlanmışdır. C.Zülfüqarlının 300-dən çox çap olunmuş elmi əsəri, o cümlədən 4 mono­qrafiyası vardır. Ana dilində kimya terminologiyasının yaranması C.Zülfüqarlının adı ilə bağlıdır.

C.Zülfüqarlı Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

“Qırmızı ulduz” ordeni, “Döyüş xidmətinə görə”, “Böyük Vətən mühari­bə­sində Almaniya üzərində qələbə”, “Qafqazın müdafiəsi uğrunda”, “Budapeştin alınması üçün” və “Vyananın alınması üçün” medalları ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Cümşüd Zülfüqarlı 1982-ci ildə Bakıda vəfat etmişdir.