GÖRKƏMLİ ALİMLƏR

Azərbaycan oftalmologiya elminin banilərindən biri

Azərbaycan oftalmologiya elminin banilərindən biri

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Musabəyli Ümnisə Süleyman qızı 8 oktyabr 1902-ci ildə Qəbələdə anadan olmuşdur. Azərbaycan Dövlət Uni­versitetinin (indiki Bakı Dövlət Universiteti) Tibb fakültəsini bitirmiş (1926), elmlər doktorluğu dissertasiyası (1936) müdafiə etmiş, professor (1943) elmi adına layiq görülmüşdür. Ü.Musabəyli Azərbaycan SSR Elmlər Akademi­yasının müx­bir üzvü seçilmişdir (1962).

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Tibb İnstitutunda başlayan Ü.Musa­bəyli Göz xəstəlikləri kafedrasında 1945-1974-cü illər ərzində assistent, do­sent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Ü.Musabəyli Azərbaycan oftalmologiya elminin banilərindən, onu bey­nəl­xalq aləmdə tanıdan görkəmli alimlərdən olmuşdur. Onun elmi fəaliy­yətinin əsas istiqamətini traxoma və qlaukomanın, görmə siniri patologi­yalarının diaq­nostikası, klinikası, müalicəsi və profilaktikası, görmə orqa­nı­nın qəlpəli yara­lan­maları, hamiləlik patologiyası və ümumi xəstəliklər fo­nunda görmə orqa­nında gedən dəyişikliklər, onların fiziologiyası, görmənin mühafizəsi, müalicə və profilaktikası təşkil etmişdir. O, həmçinin simpatik in­nervasiyanın gözün akkomodasiya əzələsinə təsirini və uzağa akko­moda­siyada fəal iştirakını aşkar­lamışdır.

Onun rəhbərliyi altında müştərək çəpgöz­lüyün müxtəlif kliniki forma­larında ametropiyaların xarakteri və dərəcəsini aydınlaşdırmaq üçün elmi təd­qiqat işləri aparılmış, alınan nəticələr səhiyyə praktikasına geniş tətbiq olun­muşdur.

Ü.Musabəyli 200-ə yaxın elmi əsərin, ilk dəfə Azərbaycan dilində yazılmış “Göz xəstəlikləri” dərsliyinin, terminoloji lüğətin, 3 monoqrafi­yanın, dərs və­saitləri və metodik tövsiyələrin müəllifi və həmmüəllifi olmuşdur.

Onun məsləhətçiliyi və rəhbərliyi altında 3 elmlər doktorluğu, 12 fəlsəfə doktoru dissertasiyası uğurla müdafiə olunmuşdur.

Ü.Musabəyli Oftalmoloqların 18-ci Beynəlxalq Konqresinin (Brüssel) nüma­yəndəsi olmuşdur, Afrika-Asiya ölkələri göz həkimlərinin 5 konqresində iştirak edərək elmi məruzələrlə çıxış etmişdir. Alim keçən əsrin 50-70-ci illərində ABŞ-da, Yaponiyada, Afrika, Asiya ölkələrində beynəlxalq konqres, qurultay, simpo­zium və konfranslarda Azərbaycan tibb elmini layiqincə təmsil etmiş, ingilis dilində elmi məruzələr etmış, xarici ölkə məcmuələrində dərin məzmun­lu mə­qalələr çap etdirmişdir. Bu işlərə çox­saylı isnadlar olunmuşdur.

Ü.Musabəyli “Вестник офтальмологии” jurnalının, “Azərbaycan Tibb Jur­nalı”nın, Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin (1955), Sovet Qadınları Şurasının üzvü, Azərbaycan Oftal­moloqlar Cəmiyyətinin sədri (1957), Ümumittifaq Oftal­moloqlar Cəmiyyətinin üzvü olmuş, Avrasiya Konqresi Rəyasət Heyətinin yeganə daimi nümayəndəsi seçilmişdir (1960).

Ü.Musabəyli 5-6-cı çağırış SSRİ Ali Sovetinin, 4-cü çağırış Azər­bay­can SSR Ali Sovetinin deputatı seçilmiş, “Lenin” ordeni, “Qafqazin müdafiə­sinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Böyük Vətən müharibə­sində fədakar əməyə görə” medalları ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına (1957) layiq görülmüşdür.

Tanınmış alim, AMEA-nın müxbir üzvü Ümnisə Musabəyli 1974-cü ildə Bakıda vəfat etmişdir.