Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
İsmayıl Abbas oğlu Hüseynov 1910-cu il dekabrın 15-də anadan olub. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərq fakültəsinin hüquq şöbəsinə daxil olmuş və 1933-cü ildə təhsilini başa vurmuşdur. Həmin ildə Moskva şəhərində SSRİ MİK-si yanında Millətlər İnstitutunun tarix ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
1941-ci ildə namizədlik, 1947-ci ildə isə M.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. O, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı olmuşdur.
İsmayıl Hüseynov iki dəfə (1941-1944; 1958-1960) Azərbaycan SSR EA Tarix İnstitutunun direktoru olmuş, 1960-1966-cı illərdə isə Azərbaycan SSR EA İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır. O, 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Alim yüzə yaxın elmi əsərin müəllifidir. Onun 1941-1945-ci illər müharibəsi dövründə çap etdirdiyi “Görkəmli dövlət xadimi Şirvanşah İbrahim” və “Şah İsmayıl Səfəvi” əsərləri həmin dövlət xadimlərinə Azərbaycan tarixşünaslığında obyektiv qiymət verilməsi baxımından mühüm hadisə idi. Akademik Ə.S.Sumbatzadənin qeyd etdiyi kimi, Səfəvi dövlətinin erkən dövründə Azərbaycan dövləti olması haqqında tarixşünaslıqda ilk dəfə İsmayıl Hüseynov fikir söyləmişdir. O, 3 cildlik “Azərbaycan tarixi”nin nəşrə hazırlanması işinə rəhbərlik edənlərdən, onun müəlliflərindən və redaktorlarından biri olmuşdur.
Görkəmli alim 40-dan artıq namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi olmuşdur.
İ.Hüseynov 1944-1948-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş və Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi kafedrasına rəhbərlik etmiş, həmçinin universitetin prorektoru vəzifələrində işləmişdir.
Alim 1960-cı ildə İsveçdə, 1964-cü ildə Hindistanda, 1965-ci ildə isə Avstriyada tarixçilərin və şərqşünasların beynəlxalq konqreslərində məruzələrlə çıxış etmiş, Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.
Akademik Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” ilə təltif olunmuş və “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Görkəmli alim 1969-cu il noyabrın 8-də vəfat etmişdir.