GÖRKƏMLİ ALİMLƏR

Görkəmli kimyaçı alim

Görkəmli kimyaçı alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.  

Əzizov Akif Həmid oğlu 1943-cü il no­yabrın 2-də Ağdərə rayonunun Umudlu kən­dində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olmuş (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş və MDU-nun Kimya fakültəsini bitirmişdir (1966).

A.Əzizov 1971-ci ildə kimya üzrə fəl­səfə doktoru və 1991-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

A.Əzizov aspirantura təhsilindən sonra elmi fəaliyyətinə Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, baş elmi işçi, labora­toriya müdiri, şöbə müdiri, 1988-2014-cü illərdə direktorun elmi işlər üzrə müavini vəzifələrində işləmişdir. O, 1972-1985-ci illərdə Neft kimyası üzrə ixtisaslaşmış şuranın sədr müavini, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri, 2014-cü ilin mart ayından AMEA-nın Polimer Materialları İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kim­yası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqa­mə­tini neft-kimya sintezi proseslərində metalkompleks və metalüzvi kataliza­torların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqo­merlərin alın­masının, neft-kimya və neft emalı proseslərində ion-maye tex­no­logiyalarının və s. elmi əsaslarının işlənib hazırlan­ması təşkil edir.

A.Əzizov 594 elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 341-i xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jur­nallarda onun əsərlərinə istinad olunur. A.Əzizovun rəhbərliyi altında kimya üzrə 13 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə etmişdir.

A.Əzizov kimya üzrə bir sıra cəmiyyətlərin və Elmi Şuraların, o cüm­lədən Ru­siya Elmlər Akademiyasının “Mineral və təkrar olunan karbon­tərkibli xam­malın kim­yası” Elmi Şurasının xarici üzvü, Nyu-York Elmlər Akademiyası və Amerika Kimya Cəmiyyətinin üzvü, Dövlət Neft Şirkəti yanında neft emalı üzrə Elmi-texniki Şura­nın, AMEA akademik M.Nağı­yev adına Kataliz və Qeyri-üzvi Kimya İnsti­tu­tunun nəzdində elmi dərəcələr verən İxtisaslaşmış Şuraların, AMEA-nın “Neft kim­yası, Kinetika və kataliz” Prob­lem Şuralarının, “Azərbaycan Kimya Jurnalı”, “Neft Kim­yası və neft emalı prosesləri”, “Elm dünyası” jurnallarının redaksiya heyətlə­rinin üzvü­ olmuşdur. O, Azərbaycanda yeni neft-qaz və neft-kimya komp­lek­sinin qurulması üzrə ARDNŞ-nin işçi qrupunun, Azərbaycan Res­pub­likası Prezi­denti yanında Elm Fondunun və ARDNŞ ilə AMEA-nın birgə Elm fondunun ekspert komissiyalarının üzvü olmuşdur.

A.Əzizov SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu, “Əmək rəşadəti” me­dalı, AMEA-nın Fəxri fərman­ları, Azərbaycanın Əmək­dar elm xadimi fəxri adı, Azərbaycan Kütləvi infor­­masiya vasitələri işçiləri və Həmkarlar İttifaqının Rəyasət Heyəti tərə­findən “Xalqın nüfuzlu ziyalısı” fəxri dip­lomu və ixtiraçılıq sahəsində Birin­ci res­publika müsabiqəsinin Birinci dərəcəli dip­lomu ilə təltif olunmuşdur. Azər­baycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mü­kafat komissiyası­nın qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl me­dalı ilə təltif olunmuşdur.

A.Əzizov 20 noyabr 2016-cı ildə vəfat etmişdir.